Hindistanda koronavirusa yoluxanların sayı dünya rekordunu vurub. Ölkədə bir gündə 314.8 min yoluxma halı qeydə alınıb.
Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.
Xatırladaq ki, son dəfə belə bir rekord ABŞ-da qeydə alınıb. Orada yanvar ayında 297.4 min nəfər yoluxub.
Hindistanın şimalında və qərbində səlahiyyətlilər xəstəxanaların dolu olduğunu qeyd edirlər. Son həftələrdə Hindistanda yerli seçkilər səbəbindən kütləvi mitinqlər keçir ki, bu da yoluxma hallarının artması ilə nəticələnir.
Bundan əlavə, Hindistanda bazarlar və ticarət mərkəzlərinin fəaliyyətinə, o cümlədən toy mərasimlərinin keçirilməsinə icazə var.
Hal-hazırda Hindistan yoluxma sayına görə dünyada üçüncüdür. Ölkənin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, indiyədək 15.93 milyon nəfər yoluxub, onlardan 184.6 min nəfər ölüb.