11 C
Baku
Wednesday, November 27, 2024

Hindistanda evlərə nağd pul çatdıran xidmət yaradılıb

Hindistanda evə nağd pul sifariş etməyə imkan verən xidmət peyda olub. Xidmətin yaradıcısı olan Snapdeal ölkənin ən nəhəng online pərakəndə şirkətlərindən biridir.

Ölkədə kölgə iqtisadiyyatının, çirkli pulların yuyulması və rüşvətxorluğun qarşısını almaq məqsədilə həyata keçirilən islahat fonunda xidmətə yüksək tələbat müşahidə edilir. İslahat nəticəsində 500 və 1000 rupi nominalında olan banknotlar dövriyyədən çıxarıldı. Bu isə öz növbəsində ölkədə nağd pul çatışmazlığına səbəb oldu.

Hələ ki, xidmət iki şəhərdə – Qurqaone və Banqalore şəhərlərində əlçatandır. Bir dəfə üçün 2 000 rupidən çox olmayan miqdarda nağd pul sifariş etmək olar. Çatdırılma haqqı isə 1 rupidir. Şirkət bu xidmətin yaradılmasını ölkədə nağd pul çatışmazlığı səbəbindən problem yaşayan əhaliyə kömək etmək istəməsi ilə izah edib.

Qeyd edək ki, 8 noyabrda Hindistanın baş naziri  Narendra Modi çıxış edərək bildirdi ki, bu gündən etibarən 500 və 1000 rupi nominalında olan banknotlar dövriyyədən çıxarılır. Bu ölkədə dövriyyədə olan iki ən nəhəng banknotdur və hindlilər nağd əməliyyatlarının 86%-ni məhz bu iki banknot ilə həll edirdilər. Modi bu iki valyutanı rüşvətxorların, vergidən yayınanların və terrorçuların əsas valyutası adlandırmışdı.  

Pulları mübadilə etmək üçün isə müddətlər belə idi: 24 noyabra qədər 4 min rupini ölkənin istənilən bankında və yaxud poçtunda şəxsiyyət vəsiqəsini təqdim etməklə daha kiçik və yaxud yeni banknot ilə mübadilə etmək mümkün idi. Bu məbləğin yalnız 2 minini nağd vəsait ilə əldə etmək olardı, geri qalan 2 min isə həmin şəxsin hesabına yatırılır. 30 dekabra qədər isə banknotları istənilən miqdarda bankda hesaba yatırmaq olar, lakin məbləğ 250 min rupidən çox olarsa pulun qaynağını təqdim etmək tələb olunur. Həftədə isə hesabdan yalnızca 20 mindən çox olmayan məbləğ çıxarmaq olar.

Son xəbərlər
Digər xəbərlər