4 C
Baku
Friday, March 29, 2024

Hindistanda üçgünlük iş həftəsi tətbiq edilir

Yüksək ixtisaslı işçi çatışmazlığı səbəbindən Hindistan şirkətləri işaxtaranlara qeyri-adi bonuslar verməyə başlayıb.

Banker.az xəbər verir ki, onlardan bəziləri kişilər üçün atalıq məzuniyyəti yaradır, “Slice” fintex-startapı isə üçgünlük iş rejiminə keçir. Belə ki, indi orta əmək haqqının 80 faizini almağa razı olanlara üçgünlük iş həftəsi təklif olunur.

Qeyd edək ki, hazırda şirkətdə 450 nəfər çalışır və yaxın üç ildə 1000 mühəndis və məhsul menecerinin işə götürülməsi planlaşdırılır. Digər işəgötürənlərdən fərqli olaraq, “Slice” qərarını belə izah edir: pandemiya bitəndən sonra milyonlarla mühəndis ofislərinə qayıdacaq, lakin insanlar işə zəncirlənmək istəmirlər.

“Üçgünlük iş həftəsi bizə istedadları tapmağa imkan verir, çünki bu, “Google” və “Amazon” kimi böyük texnoloji şirkətlərin təklif etmədiyi bir üstünlükdür”, – deyə startapın rəhbəri qeyd edib.

2016-cı ildə qurulan “Slice” startapı gənclər üçün kredit kartları buraxır. 2019-cu ildə şirkət bir dəqiqədən az müddətdə qeydiyyat, “cashback” və müxtəlif ödəniş variantı olan plastik kartını istifadəyə verib. 2021-ci ilin sentyabrında “Slice” 110 min kart buraxaraq ölkənin aparıcı operatorlarından birinə çevrilib. Startapın sponsorları Yaponiyanın “Gunosy Capital” və Hindistanın “Blume Ventures” şirkətləri olub.

Xatırladaq ki, daha əvvəl Şotlandiyada dördgünlük iş həftəsi sınaqdan keçirilib. Sınaq sentyabrın 6-dan müəssisələrin bir qismində başlanılıb. Hökumət vurğulayıb: iş həftəsinin azalmasına baxmayaraq, əməkhaqqı əvvəlki səviyyədə qalacaq və azaldılmayacaq.

Son xəbərlər
Digər xəbərlər