Bir neçə gün ərzində Hindistan konqlomeratı “Adani Group”un səhmləri 10% ucuzlaşıb və bununla da şirkətin kapitallaşması 42 milyard dollar azalıb. Bildirilir ki, qrupa daxil olan bəzi şirkətlərin səhmləri daha çox dəyər itirib: “Adani Green Energy” – 20.1%, 2Adani Transmission” – 19.8%.
“Adani”nin səhmləri çərşənbə axşamı “Hindenburg Research” konqlomeratla bağlı öz araşdırmasını dərc etdikdən sonra azalmağa başlayıb. “Hindenburg Research”in məlumatına görə, onlar iki ildir araşdırma aparıblar və “Adani Group”un onilliklər ərzində açıq-aşkar səhmlərin manipulyasiyası və hesabat fırıldaqçılıq sxemləri ilə məşğul olduğuna dair sübutlar toplayıblar.
“Hindenburg Research” – bu cür araşdırmalarda maliyyə fırıldaqlarının və ictimai şirkətlərin fəaliyyətində digər qanun pozuntularının axtarışında ixtisaslaşan şirkətdir. Belə ki, xüsusən də elektromobil istehsalçısı “Nikola Corp” ilə bağlı araşdırmadan sonra şirkətin kotirovkaları 90% aşağı düşüb.
“Adani” şirkətlər qrupu iş adamı Qautam Adani tərəfindən təsis edilib. 1980-ci illərdə o, “Adani Enterprises” şirkətini yaradıb və o vaxtdan bəri konqlomeratın tərkibinə liman və enerji şəbəkəsi operatorlarından tutmuş kənd təsərrüfatı və nəqliyyat firmalarına qədər müxtəlif şirkətlər daxil olub.