Hindistanın çoxprofilli “Tata Group” konserninin maliyyə bölməsi olan “Tata Capital” Nyu-Dehli və Mumbay birjalarında səhmlərinin ilkin kütləvi yerləşdirilməsini (IPO) həyata keçirib və investorlar vasitəsilə 1,75 milyard dollar vəsait cəlb edib.
Bu gün, ticarətin ilk günündə “Tata Capital” səhmlərinin qiyməti cəmi 1,5% artıb, baxmayaraq ki, yerləşdirmə zamanı investorların tələbi təklifi 3,4 dəfə üstələyib. Bu, şirkətə səhmlərin qiymətini qiymət aralığının yuxarı həddində müəyyən etməyə imkan verib.
Gəlirlərinə görə Hindistanın üçüncü ən böyük qeyri-bank kreditoru olan “Tata Capital” pərakəndə kreditlər, kiçik və orta biznesin maliyyələşdirilməsi, korporativ həllər və infrastruktur layihələrinin kreditləşdirilməsi də daxil olmaqla, geniş spektrli maliyyə xidmətləri təqdim edir.
“Tata Capital”ın ana şirkəti olan “Tata Group” dünyanın ən iri konsernlərindən biridir. O, 1868-ci ildə təsis edilib. Hazırda “Tata Group”un illik gəliri təxminən 180 milyard dollar təşkil edir. Hindistan brendləri ilə yanaşı, konsernə “Tetley” və “Jaguar Land Rover” kimi Böyük Britaniyaya məxsus markalar da daxildir.
Cari ildə Hindistan dünyanın ən dinamik IPO bazarlarından birinə çevrilib. Üçüncü rübdə ölkədə 146 IPO qeydə alınıb və bunun nəticəsində 7,2 milyard dollar məbləğində vəsait cəlb olunub.