Hər birimiz istirahət etməyi sevir, lakin bəzən iş bizim istirahətimizə mane olur. Müdiriniz sizdən axşama kimi qalıb işləməyinizi istəsə, ona Journal of Vocational Behavior-un dərc etdiyi tədqiqatı göstərin. Tədqiqatçılar hobbilərə daha çox vaxt ayırmağın insanların yaxşı işləmək bacarığına inamlarını artıra biləcəyini müəyyən etdilər. Lakin ehtiyatlı olun – hobbi işə çox bənzəyirsə, asudə vaxtın artması fəlakətli nəticələrə səbəb ola bilər.
Bir sıra araşdırmalar ailə həyatının məhsuldarlığa və işdən məmnuniyyətə necə təsir göstərdiyinin öyrənilməsinə həsr olunub, lakin asudə vaxtın təsiri haqqında demək olar ki, heç bir məlumat yoxdur. Buna görə Şeffild Universitetindən olan Ciara Kelly və onun həmkarları, hobbinin insanların iş həyatına necə təsir etdiyini öyrənmək qərarına gəldilər.
Əvvəlcə komanda hər bir iştirakçının məşğul olduğu hobbinin ciddiliyini ölçərək, onlardan “Bununla mütəmadi olaraq məşğul oluram” ifadəsi ilə razılaşıb-razılaşmadıqlarını soruşdu. Daha sonra yeddi ay ərzində iştirakçılar sevimli fəaliyyətlərinə gündə neçə saat həsr etdiklərini yazdılar və “İşdə yaranan problemlərin çox hissəsini uğurla dəf edə bilərəm” kimi ifadələrdən istifadə edərək işlərini səmərəli yerinə yetirmə qabiliyyətlərini qiymətləndirdilər.
Tədqiqatçılar, iştirakçıların əyləncələrə daha çox vaxt ayırdıqları zaman, işlərini bacaracağına inamlarının artdığını təsbit etdilər, lakin yalnız bir halda – iştirakçılar iş fəaliyyətinə bənzəməyən hobbiyə daha çox vaxt ayırdıqları zaman. Əgər sizin məşğul olduğunuz hobbi işə bənzəyirsə, məhsuldarlığınız əhəmiyyətli dərəcədə azal bilər.
Bu niyə baş verir? Müəlliflərin sözlərinə görə, ciddi hobbi ilə məşğul olduqda, insanlar əhəmiyyətli psixoloji resurslar sərf etməli olurlar, buna görə də insanlar özlərini “boş” hiss edirlər və işdəki vəzifələrini yerinə yetirə bilmirlər. Lakin hobbi iş fəaliyyətindən çox fərqlənirsə, o bizə mane olmur, əskinə olaraq yeni bilik və bacarıqları inkişaf etdirməyə kömək edir. Nəticədə insanların özünəgüvəni artır. Məsələn, alpinizm ilə məşğul olmağı sevən bir alimi təsəvvürünüzə gətirin: onun hobbisi ilə işi arasında kəskin fərq var, məhz ona görə də gücünü bərpa edə və resurslarını artıra bilər.
Əlbəttə ki, bu məlumatlar effektin istiqaməti barədə inandırıcı dəlil təqdim etmir: məsələn, insanların hobbilərinə sərf etdikləri vaxtın işdəki təcrübələrindən asılı olması, əksinə yox. Maraqlıdır, bəs heç bir hobbisi olmayan insanlar necə? Sizcə, işə bənzəyən hobbi yaxşıdır, yoxsa heç bir hobbinin olmaması?
Buna baxmayaraq, nəticələr göstərir ki, şirkətlər işçilərini asudə vaxtı hər hansısa hobbi ilə məşğul olmağa təşviq etməlidirlər. Hobbisini karyeraya çevirmək istəyənlərə fasilə etmək imkanını verin. Müəlliflər xəbərdarlıq edirlər: tədqiqatların nəticələri başqa bir hobbi tapmalı olduğunuzu göstərə bilər.