26 C
Baku
Tuesday, July 16, 2024

Hökumət gələn ildə ƏDV-dən gəlirlərinin azalmasının səbəbini açıqlayıb

Əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1 milyard 970 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 46.6 milyon manat və ya 2.4 faiz çox, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 211 milyon manat və ya 9,7 faiz azdır.

Banker.az bildirir ki, bu barədə 2021-ci il üzrə büdcənin qanun layihəsində Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə daxilolmalara dair izahda bildirilir.

Əlavə dəyər vergisi üzrə daxilolmaların 92.1 faizi və ya 1 milyard 815 milyon manatı qeyri-neft sektorunun, 7,9 faizi və ya 155 milyon manatı neft sektorunun payına düşür.

2020-ci ilin proqnozu ilə müqayisədə neft sektoru üzrə ƏDV 131.9 milyon manat və ya 46 faiz az, qeyri-neft sektoru üzrə ƏDV 178.5 milyon manat və ya 10.9 faiz çox, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə neft sektoru üzrə ƏDV 139.6 milyon manat və ya 47.4 faiz, qeyri-neft sektoru üzrə ƏDV 71.4 milyon manat və ya 3.8 faiz az nəzərdə tutulur.

“Neft sektoru üzrə ƏDV-nin azalmasının əsas səbəbi Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704 nömrəli Qanunu ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə (166-cı maddə) əsasən 1 yanvar 2020-ci il tarixindən ƏDV üzrə vergi tutulan əməliyyatın vaxtının təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödənişin aparıldığı vaxt sayılmasının Dövlət Neft Şirkətinin əlavə dəyər vergisi üzrə öhdəliklərinə təsirinin nəzərə alınması olmuşdur.

Belə ki, Dövlət Neft Şirkəti və onun strukturuna daxil olan müəssisələr arasında uzun dövrdən bəri ödənilməmiş debitor borclarının mövcud olması, cari ildə ödənilmiş vəsaitlərin əsasən əvvəlki illərin debitor borclarının bağlanmasına aid edilməsi nəticə olaraq cari il üzrə əməliyyatlara görə yeni debitor borcların yaranmasına və dövlət büdcəsinə ödənilmiş ƏDV-nin azalmasına gətirib çıxarır”.

İzah edilir ki, qeyri-neft sektoru üzrə ƏDV-nin artımla proqnozlaşdırılmasının səbəbi bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun tədricən başa çatması, eyni zamanda qeyri-neft sektoru üzrə ÜDM-in artımla proqnozlaşdırılması olmuşdur.

Son xəbərlər
Digər xəbərlər