“Hökumət buludu” dövlət informasiya sistemlərinin müasir texnologiya əsasında mərkəzləşdirilmiş şəkildə təhlükəsiz mühitdə yerləşdirilməsinə, bu sistemlərin yaradılması və saxlanılması xərclərinin, həmçinin bu məsələlərə mənsub olan ixtisaslı kadrlara ehtiyac və məsrəflərin azaldılmasına, istifadə və səmərəliliyinin artırılmasına imkan yaradır”.
Bunu Bakıda keçirilən II Kibertəhlükəsizlik Konfransı çərçivəsində təşkil edilmiş “hökumət buludu” mövzusunda tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, sistemlərin saxlanılması ilə bağlı texnoloji məsələlər data mərkəzinin üzərinə düşür: “Belə yanaşma beynəlxalq təcrübədə sınaqdan keçib və özünü doğruldub. Araşdırmalar göstərir ki, Avropa və Amerikada bulud texnologiyalarının geniş istifadəsi başlıca prioritetlərdəndir. Böyük Britaniyada hökumət buludunun vahid data mərkəz infrastrukturunda yerləşdirilməsi və “istifadə etdiyin qədər ödə” modeli tətbiq edilir. İrlandiyada dövlət xidmətləri “hökumət buludu” vasitəsilə həyata keçirilir”.
Nazir müavini deyib ki, bulud texnologiyalarının tətbiqi ilə dövlət qurumlarının texnika və avadanlıqlara sərf etdiyi xərcləri kifayət qədər azalır: “2010-cu ilin fevralında ABŞ federal hökuməti federal data mərkəzi konsolidasiyası təşəbbüsü ilə çıxış edib və müəyyən edilib ki, dövlət qurumları və özəl təşkilatlar öz mövcud olduqları data mərkəzlərində server tutumlarının yalnız 30%-ni istifadə edirlər. 2011-ci ildə federal bulud hesablama strategiyası təsdiq edilib və “hökumət buludu”na keçid planı hazırlanıb. Miqrasiya nəticəsində 800 pərakəndə məlumat mərkəzi ləğv edilib və dövlətin İKT xərcləri 25% azalıb”.
©Report