Müəllif: Ənvər Məmmədov
Bu ilin ilk yarısında Azərbaycanın avtomobil bazarında ilk dəfə tənəzzül tendensiyası müşahidə olunub.
Yerli avtomobil bazarının inkişafına hökumətin digər 2 qərarı daha ciddi təsir göstərib. Söhbət xüsusilə bu ilin əvvəlində Azərbaycan Mərkəzi Bankının “Bankların kreditvermə qaydaları”nı sərtləşdirməsindən gedir. Bundan sonra təminatsız borcların (istehlak kreditlərinin) verilməsi üçün banklar müştərinin maliyyə hesabatı və kredit tarixçəsi ilə bağlı ətraflı məlumat əldə etməlidir. İlk növbədə, banka müştərinin əməkhaqqı və digər rəsmən təsdiqlənən gəlirləri haqda məlumat verilməlidir. Bundan başqa, avtomobil almaq istəyənlərin ödəməli olduqları ilkin ödənişin məbləği də artırılıb (yeni modellər üçün 40-50%, işlənmiş avtomobillər üçün isə 80%).
Hökumətin bu cür sərt tədbirlərə əl atmasının səbəbi, ilk növbədə, kredit ödənişlərində gecikmələrlə bağlı banklarda yaranmış risklərdir. Nəzərə alsaq ki, ölkədə adambaşına düşən avtomobil kreditləşməsinə görə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə, az qala, bir cərgəyə yüksəlmişdi, belə tədbirlərin görülməsi təəccüblü deyil. Bununla yanaşı, ölkə əhalisinin rəsmi gəlirləri hələ ki, Avropa ölkələrində olduğundan zəifdir. Bu, perspektivdə istər banklar, istərsə də ödənilməyən borclar böhranı şəklində, ümumilikdə, ölkə iqtisadiyyatı üçün mənfi fəsadlar verə bilərdi. İstehlak kreditlərinin verilməsi ilə bağlı yeni qaydalar nəinki borcların ödənilməsi ilə bağlı riskləri azaldıb, həm də əhalinin gəlirlərinin leqallaşdırılmasına kömək edib.
Nəzərə alsaq ki, son illərdə ciddi şəkildə artan avtomobil kreditləri ümumilikdə istehlak kreditləri arasında ilk pilləyə yüksəlib, AMB-nin qərarının prosesə təsirini qiymətləndirmək mümkündür. Hazırda ölkədə fəaliyyət göstərən 43 bankın 31-i bu xidməti göstərir. Avtomobil kreditlərinin hələ də kifayət qədər yüksək faizlə verilməsinə baxmayaraq, əhali arasında ona tələbat yüksək olaraq qalır. Qeyd edək ki, Azərbaycan banklarında avtomobil kreditləri, ən azı, 14, ən çoxu isə 26%-lə verilir.
Avtomobil kreditlərinin məhdudlaşdırılması, şübhəsiz ki, katalizator rolu oynayaraq, bu sahə ilə bağlı olan maliyyə istiqamətlərinin göstəricilərinə də təsir edib. “Kreditlə avtomobil satışının azalması sığorta yığımlarının səviyyəsinə təsirini göstərəcək. Lakin bu təsirin hansı səviyyədə olacağını indidən söyləmək çətindir”, – deyə Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.
Qaydaların sərtləşdirilməsi ən çox yeni avtomobil satışı ilə məşğul olan avtosalonlara təsir göstərib. “Avtomobil kreditlərinin verilməsi ilə bağlı bu yaxınlarda baş vermiş dəyişikliklər, şübhəsiz ki, avtomobil bazarına ciddi təsir göstərib. Çünki son zamanlar avtomobillərin 60-70%-i kreditlə satılırdı”, – deyə Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin direktoru Ramil Osmanlı bildirib.
Bununla yanaşı, kreditləşmə qaydalarının sərtləşdirilməsinin effekti müxtəlif istiqamətlərdə hiss olunur. Məsələn, kreditləşməyə məhdudiyyətlərin tətbiqi avtosalonları görünməmiş endirimlərə vadar edib. Onlar bu yolla istehlakçıları maşının qiymətinin böyük hissəsini nağd ödəməyə stimullaşdırmağa çalışırlar. Bu ilin fevralından iyununadək əksər avtosalonlar alıcılara 10-15%-lik endirim təklif edib. Bu endirim yalnız ucuz avtomobillərə deyil, top-modellərə də də tətbiq edilib. Bəzi avtosalonlar itkilərini kompensasiya etmək üçün alıcılara müxtəlif bonus proqramları, hədiyyə olaraq əlavə opsiyalar və aksessuarlar təklif edib.
Hökumətin ölkənin avtomobil bazarında qüvvələr nisbətini ciddi şəkildə dəyişən daha bir qərarı Azərbaycanda “Avro-4” standartlarının tətbiqidir. Bu qərar, ilk növbədə, ölkəyə 2005-ci ildən əvvəl istehsal olunmuş avtomobillərin idxalını məhdudlaşdırır. Məqsəd ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması, paytaxta və digər iri şəhərlərə “tüstülü” və təhlükəli avtomobillərin buraxılmamasıdır. “Yeni ekoloji standartların tətbiqi, ilk növbədə, işlənmiş avtomobil bazarına öz təsirini göstərib – işlənmiş avtomobillərin idxalı azalıb. Amma bu qərarın köhnə maşınların qiymətində ciddi artıma səbəb olacağını gözləməyə dəyməz. Ölkədə həddindən artıq köhnə avtomobil var”, – deyə R.Osmanlı bildirir.
Son ayların təcrübəsi göstərir ki, qiymətlərdə endirimlər edən avtosalonlar, əsasən, ucuz Koreya maşınları satan salonlardır. Onlar bazara qonşu Gürcüstandan gətirilən köhnə alman və yapon avtomobillərinin boşluğunu kifayət qədər uğurla kompensasiya edə biliblər. Bundan başqa, “Avro-4” standartının tətbiqi bazarda ümumi qiymət artımına da səbəb olmayıb.
Bütün bunlarla yanaşı, kreditləşmə və ekologiya ilə bağlı məhdudiyyətlər təklifin həcminə təsirsiz ötüşməyib. Nəticədə, ölkəyə gətirilən köhnə avtomobillərin sayı və ümumilikdə idxal azalıb. DGK-nin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycana 34,3 mindən bir qədər artıq avtomobil gətirilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 28,3% azdır. Bu tendensiyanın qorunub-saxlanılacağı təqdirdə, illik idxal həcmi ötən illərlə müqayisədə, təxminən, 3 dəfə azala bilər.
“Avtomobil idxalının həcmi azalır. Amma bazar boşalmayacaq. Çünki ölkəyə gətirilən maşınlara yalnız buraxılış ili ilə əlaqədar məhdudiyyət qoyulub”, – deyə DGK sədri Aydın Əliyev bildirib.
Son 2 ildə baş vermiş bütün dəyişikliklərin müsbət tərəfi ekologiyanı zəhərləyən və təhlükəsizlik standartlarına cavab verməyən avtomobillərin sayının azalması olacaq. Bu, ölkə yollarında da vəziyyətin yaxşılaşmasına kömək edəcək. Yeni avtomobillərin idxalının artması ilə ölkəyə ticarət-xidmət infrastrukturunun formalaşdırılması məqsədilə əlavə investisiyalar cəlb olunacaq. Bu, eyni zamanda yeni iş yerlərinina açılmasına da imkan verəcək.