Martın 15-də saat 10:00-da Azərbaybaycanın ən iri sement istehsalçısı olan “Holcim (Azerbaijan)” ASC-nin (Qaradağ Sement Zavodu) səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Bu barədə rəsmi mətbuatda məlumat verilib.
Bildirilib ki, yığıncaq Bakı şəhəri, İzmir küçəsi,1033 ünvanında yerləşən “Hyatt Regency” hotelinin görüş və konfrans mərkəzində baş tutacaq.
Yığıncağın gündəliyinə ümumi yığıncağın sədrinin seçilməsi, şirkətin Müşahidə Şurasının üzvlüyünə, nizamnaməsinə dəyişikliklərin təsdiqlənməsi, şirkətin 2017-ci ilin maliyyə nəticələrinə dair illik hesabatının təsdiqlənməsi məsələləri daxildir.
Qeyd edək ki, Bakı Fond Birjasının göstəricilərinə görə “Holcim Azərbaycan”nın səhmləri ötən ilin yay aylarında 30 manatdan 25-27 manata kimi ucuzlaşmışdı. Həmçinin, 1 yanvar 2017-ci il tarixində ASC-nin aktivlərinin həcmi 342,561 mln. manat təşkil edib ki, bu da bundan öncəki dövürlə müqayisədə 5,62% az olması deməkdir.
Şirkətə verilən audit rəyində bildirilirdi ki, 2016-cı ili də 2015-ci ildəki kimi zərərlə bitirmişdir.
Xatırladaq ki, “Holcim (Azerbaijan)” 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Şirkətin səhmlərinin 76%-i İsveçrənin “Lafarge Holcim” və “Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 66% və 10%), 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 14%-i isə fiziki şəxslərə məxsusdur.
Hazırda şirkətin nizamnamə kapitalı dəyişməyərək 31 mln. 812,88 min manat səviyyəsindədir.