“Holiday Inn” və “Crowne Plaza” hotel şəbəkələrinin sahibi olan Böyük Britaniyanın “InterContinental Hotel Group” (IHG) şirkəti Rusiyada fəaliyyətini tamamilə dayandıracağını açıqlayıb, Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
“Hazırda biz dəyişən Böyük Britaniya, ABŞ və Avropa İttifaqının sanksiyalar rejiminə uyğun olaraq Rusiyadakı bütün əməliyyatları dayandırmaq prosesindəyik”, – şirkət bildirib.
Eyni zamanda şirkət Ukrayna və Rusiyadan olan işçiləri dəstəkləməyə davam etdiyini vurğulayıb.
Rusiyada “IHG” beynəlxalq şəbəkələrin üç ən böyük operatorundan biridir. Birinci yerdə “Radisson Hotel Group”, ikinci yerdə isə “Accor Hotels qərarlaşır”. “Forbes”in məlumatına görə, 2018-ci ildə şirkət Rusiya bazarında 124 milyon dollar qazanıb.
Martın 10-da şirkət Rusiyada yeni otellərin açılışını dayandıracağını bildirib. Aprelin 8-də o, Rusiyadakı IHG brendli otellərin sahibləri ilə “bu otellərin fəaliyyət göstərdiyi mürəkkəb, uzunmüddətli idarəetmə müqavilələri və françayzinqlərlə bağlı” danışıqlar apardığını açıqlayıb. “Kommersant” yazır ki, şəbəkə Rusiya biznesinin satışını müzakirə edir.