Yaponiyada avtomobillər istehsal edən “Honda Motor Co.” şirkəti bazar ertəsi elan edib ki, Cənubi Koreyanın “LG Energy Solution” şirkəti ilə birgə elektromobillər üçün litium-ion akkumulyatorlar istehsal edən müəssisə yaradılacaq. Dəyəri 4.4 milyard dollar olan birgə müəssisə ABŞ-da yerləşəcək.
Akkumulyatorlar istehsal edən yeni zavodun yeri hələ müəyyən edilməyib, lakin gözlənildiyinə görə zavodun tikintisi gələn ilin əvvəlində, kütləvi istehsal isə 2025-ci ilin sonunda başlanacaq.
Birgə müəssisə akkumulyatorları yalnız “Honda”nın Şimali Amerikadakı zavodları üçün tədarük edəcək. Yaponiya şirkətinin Ohayo ştatının Merivill şəhərində yerləşən zavodunda sedan “Accord” və orta ölçülü “CR-V” avtomobilləri istehsal edilir. Lakin bu şirkət amerikalı alıcılara hələlik elektromobillər təklif etmir.
Bu il aprel ayında avtomobil istehsalçısı elektromobillər buraxılışı üçün “General Motors” şirkəti ilə tərəfdaşlığa başladığını elan edib. Gözlənildiyinə görə, şirkətlər “Honda Prologue” istehsal xəttini 2024-cü ildə işə salacaqlar.
“Honda” şirkətinin prezidenti və baş icraçı direktoru Toşihiro Mibe deyib: “Hondo”nın məqsədi 2050-ci ilə qədər özünün bütün məhsulları üçün karbon neytrallığına nail olmaqdır. Korporasiya yerli bazarlarda elektromobillər üçün akkumulyatorlar almağa çalışır”.
ABŞ Energetika Nazirliyi iyul ayında bəyan edib ki, Ohayo, Tennessi və Miçiqan ştatlarında litium-ion akkumulyatorları istehsal edən zavodlar tikilməsi üçün “General Motors” və “LG Energy” şirkətlərinin “Ultium Cells LLC” birgə müəssisəsinə 2.5 milyard dolar kredit verəcək.