Honkonq birjasındakı səhmlər Çin və ABŞ nümayəndə heyətlərinin Malayziyada apardıqları danışıqların müsbət nəticə verməsi fonunda artım nümayiş etdirib. Məlumata görə, əsas sayılan “Hang Seng” indeksi ticarətin başlanmasından sonra 1,02% (267,19 bənd) yüksələrək 26 427,34 göstəricisinə çatıb.
Artım həmçinin materik Çinin Honkonqda birjada satılan qiymətli kağızlarının ümumi effektivliyini əks etdirən “Hang Seng China Enterprises” indeksində də müşahidə olunub. İndeks 0,95% (88,75 bənd) artaraq 9 452,69 səviyyəsinə yüksəlib.
Ən böyük faiz artımı isə 30 ən böyük texnologiya şirkətinin səhmlərini əks etdirən “Hang Seng Tech” indeksində qeydə alınıb. Bu göstərici 1,48% (89,45 bənd) artaraq 6 149,34 həddinə çatıb.
Brokerlərin fikrincə, investorlar Çin və ABŞ nümayəndə heyətlərinin Malayziyadakı danışıqlarda ticarət sahəsində əməkdaşlığa dair mövzular üzrə sıx təmasları davam etdirmək niyyətlərini təsdiqləməsi səbəbindən optimistdirlər. ABŞ-nin maliyyə naziri Skott Bessentin sözlərinə görə, tərəflər ABŞ prezidenti Donald Tramp ilə Çin sədri Si Cinpin arasında 30 oktyabrda Cənubi Koreyada keçirilməsi gözlənilən görüş zamanı aparılacaq müzakirələr üçün baza hazırlayıblar.







