ABŞ prezidenti Donald Trampın İranla iki həftəlik atəşkəs elan etməsindən sonra Honkonq səhmlərinin kotirovkaları yüksəlib. Honkonq Fond Birjasının məlumatına görə, əsas indeks olan Hang Seng Index 2,81% (705,35 bənd) artaraq 25 821,88 bəndə çatıb.
Materik Çin şirkətlərinin Honkonqda kotirovka olunan qiymətli kağızlarının ümumi göstəricisini əks etdirən Hang Seng China Enterprises Index 2,35% (199,13 bənd) artaraq 8 656,05 bəndə yüksəlib. Ən böyük artım isə 30 ən iri texnoloji şirkətin səhmlərini əhatə edən Hang Seng Tech Index-də qeydə alınıb. Bu indeks 4,42% (206,77 bənd) artaraq 4 885,87 bənd təşkil edib.
Honkonq birjasına yaxın mənbənin verdiyi məlumata görə, investorlar ABŞ və İran arasında müvəqqəti atəşkəs xəbərini optimizmlə qarşılayıblar. “İnvestorlar ümid edirlər ki, bu, qarşıdurmanın tam dayandırılması istiqamətində ilk addım ola bilər”, — deyə mənbə bildirib.







