Honq-Konq Fond Birjasında ticarət Ay təqvimi üzrə Yeni il ərəfəsində son səkkiz ilin ən yaxşı nəticələri ilə başa çatıb. Birjanın məlumatına görə, əsas “Hang Seng” indeksi İlan ilinin əvvəlindən bəri 32% artaraq 2017-ci ildən (həmin il indeks 34% yüksəlmişdi) bəri ən yüksək göstəricini nümayiş etdirib.
Son sutka ərzində “Hang Seng” indeksi iki günlük enişi dayandıraraq 0,52% (138,82 bənd) artıb və 26 705,94 səviyyəsinə çatıb. Digər indekslər də artım göstərib. Materik Çinin Honq-Konqda listinqdə olan qiymətli kağızlarının ümumi performansını əks etdirən “Hang Seng China Enterprises Index” 37,61 bənd (0,42%) artaraq 9 070,32 səviyyəsinə yüksəlib. 30 iri texnologiya şirkətinin səhmlərini əhatə edən “Hang Seng Tech” indeksi isə 0,13% (7,10 bənd) artaraq 5 367,52 bənd olub.
Honq-Konq Fond Birjası Ay Yeni ilinin qeyd olunması ilə əlaqədar fasiləyə verib və ticarət yalnız fevralın 20-də bərpa olunacaq.






