10 C
Baku
Wednesday, November 27, 2024

Horadiz-Ağalı və bir neçə istiqamət üzrə avtobus marşrutları müsabiqəyə çıxarılıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Xudat və Bakı-Şabran şəhərlərarası, Horadiz şəhəri (Füzuli)-Ağalı kəndi (Zəngilan) rayonlararası, Tərtər şəhəri-Talış kəndi rayondaxili, Abşeron rayonunun Görədil qəsəbəsi-Xırdalan şəhəri 592 və Güzdək qəsəbəsi-Bakı şəhəri 553 nömrəli müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 19 iyul saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5, əlaqələndirici şəxs: Ramil Musayev – tel.: 012-567-99-76, 055-512-34-97, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqə şərtlərinə əsasən, sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrinə üstünlük verilir. Həmçinin müsabiqəyə əsas avtobuslarla yanaşı ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən Xudat-Bakı-Xudat istiqamətində 2, Şabran-Bakı-Şabran, Horadiz şəhəri-Ağalı kəndi, Tərtər şəhəri-Talış kəndi, Görədil qəsəbəsi-Xırdalan şəhəri və Güzdək qəsəbəsi-Bakı şəhəri istiqamətlərində hərəsində 1 Lot üzrə baxılacaq.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Son xəbərlər
Digər xəbərlər