Hər gün Hörmüz boğazına daxil olan və ya onu tərk edən gəmilərin sayı son bir həftə ərzində dörd dəfədən çox artıb. Bu barədə “Financial Times” (FT) yazır.
Qəzetin kommersiya gəmiçiliyi bazarındakı mənbələrinin sözlərinə görə, şirkətlər ABŞ və İran arasında əldə olunmuş müvəqqəti atəşkəsin şərtlərinə daha çox etibar etməyə başlayıblar.
İyunun son günlərinə qədər dəniz dəhlizi ilə gündə iki gəmidən çox keçmirdi. FT-nin tanış olduğu “Signal Ocean Platform” xidmətinin məlumatlarına görə, iyulun 1-də artıq səkkiz tanker Hörmüz boğazını keçib. Böyük gəmiçilik şirkətləri “Hapag-Lloyd” və “Maersk” də öz gəmilərinin boğazı tərk edə bildiyini bildiriblər.
Son yeddi gün ərzində, kölgə donanmasının reysləri də daxil olmaqla, ümumilikdə 258 gəmi Fars körfəzi vasitəsilə tranzit keçid həyata keçirib. Analitik şirkət “Kpler”in məlumatına görə, gündəlik göstərici ən azı 20 gəmi təşkil edib. Münaqişənin ilk günlərində isə həftə ərzində orta hesabla 41 tanker keçirdi.
FT-nin həmsöhbətləri bildirirlər ki, ABŞ və İran arasında 60 günlük atəşkəs başlayandan sonra gəmi sahibləri dəniz dəhlizindən təhlükəsiz keçə biləcəklərinə daha çox əmin olublar.
Bundan əlavə, iyunun əvvəlində tankerlər üçün fraxt (icarə) dərəcələri 500 min dollardan 294 min dollara düşüb. Bu da Hörmüz boğazından keçməyə hazır olan gəmilərin sayının artdığını göstərir.
ABŞ və İsrailin fevral ayında İrana qarşı hərbi əməliyyata başlamasından dərhal sonra Tehran dünya neft tədarükünün təxminən 20%-nin keçdiyi Hörmüz boğazını bağlamışdı. Boğazdan keçən gəmilərin gündəlik sayı 130-dan bir neçə vahidə qədər azalmışdı.
Vaşinqton və Tehran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasından qısa müddət sonra dəniz dəhlizi vasitəsilə kommersiya gəmiçiliyi tədricən bərpa olunmağa başlayıb. İyunun 24-də isə neft qiymətləri ilk dəfə olaraq müharibədən əvvəlki səviyyəyə qayıdıb.






