Hörmüz boğazının bağlanmasının Körfəz ölkələrinə zərəri 50 milyard dollar qiymətləndirilir

Qlobal miqyasda xam neft və neft məhsullarının nəqlinin 20 faizinin həyata keçirildiyi, mayeləşdirilmiş təbii qaz (LNG) ticarəti üçün isə əsas tranzit nöqtəsi olan Hörmüz boğazının bağlı qalmasının Körfəz ölkələrinə vurduğu ziyanın 50 milyard dolları ötdüyü bildirilir.

Yaxın Şərqdə gərginliyin artması və Hörmüz boğazının bağlanması səbəbindən Körfəz ölkələri münaqişənin başlanğıcından bəri enerji gəlirlərində ciddi itkilərə məruz qalırlar. ABŞ və İsrailin İrana hücumları və İranın cavab tədbirləri Körfəz ölkələrində enerji istehsalı, enerji obyektləri, ticarət yolları, logistika, maliyyə və turizm infrastrukturu da daxil olmaqla bir çox sektorda ciddi iqtisadi yavaşlamaya səbəb olub. Hörmüz boğazının bağlanması Körfəz ölkələrinin iqtisadiyyatları üçün əsas gəlir mənbəyi olan neft və təbii qaz ixracının dayanması fonunda bir aydan çoxdur davam edən regional münaqişənin bu ölkələrə vurduğu ziyanın dəyəri hər gün artır. Hörmüz boğazından nəqliyyatın dayanması Körfəz ölkələrinin neft və LNG ixracını pozub və enerji gəlirlərini əhəmiyyətli dərəcədə azaldıb.

Münaqişə başlayandan indiyədək İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin Hörmüz boğazından neft ixracı gündəlik 12,32 milyon bareldən gündə 7,83 milyon barelə düşüb. Bu dövrdə həmin ölkələrin neft gəlirlərinin itkisi 15,27 milyard dollar proqnozlaşdırılır. Enerji qurğularının sıradan çıxması və bu bölgələrdə LNG ixracında yaşanan problemlər də daxil olmaqla, bu ölkələrin ümumi itkilərinin 50 milyard dolları keçdiyi təxmin edilir.

Gündəlik neft hasilatı təxminən 30 milyon barel olan Körfəz bölgəsi qlobal miqyasda tədarükün təxminən üçdəbirini təşkil edir. Qlobal LNG ixracının təxminən 20 faizini təşkil edən Qətər və BƏƏ, eləcə də Səudiyyə Ərəbistanı, Küveyt və İraq kimi ölkələr təbii qaz daşımalarının və neft ixracatının böyük bir hissəsini Hörmüz boğazı vasitəsilə dünya bazarlarına göndərirdilər. Körfəz ölkələri arasında Qətər, Küveyt və Bəhreyn, demək olar ki, 100 faiz Hörmüz boğazından asılıdır. Digər tərəfdən, İraq, Səudiyyə Ərəbistanı, BƏƏ və İran ixracatlarının bir hissəsini boğazdan istifadə etmədən boru kəmərləri vasitəsilə həyata keçirə bilirlər.

Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, dəniz yolu ilə neft daşımalarının təxminən 25 faizi Hörmüz boğazından keçir. Çin, Yaponiya, Koreya Respublikası və Hindistan kimi Asiyanın nəhəng iqtisadiyyata malik ölkələri Körfəz bölgəsindən böyük həcmdə neft idxal edir. Bölgədən çıxarılan xam neftin 44 faizi Çin və Hindistana ixrac olunur.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər