Hörmüzdə üzən gəmilərlə bağlı yeni tədbirlər – 20 milyard dolları kim ödəyəcək?

ABŞ rəhbərliyi qlobal enerji ticarətinin ən qaynar nöqtəsi sayılan Hörmüz boğazında yeni iqtisadi-hərbi strategiya tətbiq etməyə hazırlaşır. Vaşinqton ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə təhlükəli sulardan keçən ticarət gəmilərinin birbaşa ABŞ hökumətindən sığorta almaq imkanını nəzərdən keçirir.

Bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Xəbərə əsasən, söhbət ABŞ hökumətinin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) tərəfindən idarə edilən və qlobal sığorta nəhəngi “Chubb” ilə birgə həyata keçirdiyi xüsusi proqramdan gedir. Məqsəd riskli sularda özəl kommersiya sığortasını birbaşa dövlət təminatı ilə əvəzləməkdir. DFC-nin rəsmi rəqəmlərinə əsasən, dünyanın ən vacib dəniz yollarından birində hərbi eskortla hərəkət edən ticarət gəmiləri üçün ayrılacaq bu cür təkrarsığorta paketinin ümumi dəyəri nəhəng bir rəqəmə – 20 milyard dollara çata bilər.

ABŞ korporasiyası ilə birbaşa danışıqlar aparan sığorta sektorunun aparıcı nümayəndələri bildirirlər ki, təhlükəsizlik qaydaları sərtləşir. ABŞ Hərbi Dəniz Qüvvələrinin polad qalxanı altında boğazdan təhlükəsiz keçmək istəyən gəmi sahibləri həm gəminin gövdəsi, həm texniki avadanlıqları, həm də daşıdıqları qiymətli yüklər üçün məhz ABŞ hökumətinin sığortasını əldə etməli olacaqlar. Vaşinqtonun bu yeni təhlükəsizlik xidməti modelindən əldə edəcəyi xalis gəlirin isə onmilyonlarla dollarla ölçüləcəyi proqnozlaşdırılır.

Lakin siyasi və hərbi ekspertlər məsələyə ehtiyatla yanaşırlar. Onların fikrincə, “Trampın vəd etdiyi yenilməz dəniz müdafiəsinin praktikada nə dərəcədə real olub-olmadığı hələ də ciddi qeyri-müəyyənlik olaraq qalır”.

İki müstəqil mənbənin bildirdiyinə görə, hətta ən ideal ssenaridə belə dövlət sığorta təminatının tam aktivləşməsi ən azı bir həftə vaxt aparacaq. Bu ərəfədə isə ABŞ Hərbi Dəniz Qüvvələri öz taktikalarını yeniləyir. Pentaqon İranın asimmetrik hərbi dəniz hücumlarına – xüsusilə kamikadze dronlar, ballistik raketlər və partlayıcılarla dolu sürətli qayıqlara qarşı ticarət gəmilərinin ən effektiv mühafizə yollarını axtarır.

Xatırladaq ki, Hörmüz boğazının qlobal neft daşımalarının təxminən 20%-ni təmin etdiyini nəzərə alsaq, buradakı gərginlik birbaşa dünya iqtisadiyyatına təsir edir. Statistikalar da vəziyyətin ciddiliyini sübut edir. Hazırda Fars körfəzini Oman körfəzi ilə birləşdirərək Hind okeanına çıxış verən bu boğazdan keçən gəmilər üçün sığorta dərəcəsi gəminin ümumi dəyərinin 3%-nə qədər artıb. Halbuki ABŞ və İsrailin İrana yönəlik son hərbi əməliyyatlarından öncə bu rəqəm cəmi 0.25% təşkil edirdi ki, bu da qısa müddət ərzində hərbi risklərin və sığorta xərclərinin düz 12 dəfə artması deməkdir.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Eyni zamanda, Hörmüz boğazından keçid edən gəmilərə ciddi təhlükə yaranıb.

Mənbəoxu.az
Son xəbərlər
Digər xəbərlər