2024-cü ildə Azərbaycan hotelləri 694 milyon manat gəlirə qarşı cəmi 510 milyon manat xərc çəkiblər.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da illik müqayisədə müvafiq olaraq 42 və 31 faiz artım deməkdir.
Hotellərin gəlirlərinin böyük hissəsi 455 milyon manatı otaq nömrələrinin satışından, xərclərinin 162 milyon manatı əməkhaqqına gedib.
Beləliklə, gəlirlərin xərclərdən daha kəskin fərqlə artması onların 184 milyon manat mənfəət əldə etməsinə gətirib çıxarıb. 2023-cü ildə 99 milyon manat mənfəət əldə edilmişdi ki, bu da keçən il mənfəətin 86 faiz artması deməkdir. Mənfəət dedikdə, mənfəət vergisinə qədər olan xalis gəlir nəzərdə tutulur.
Gəlir dedikdə, buraya nömrələrin satışı, iaşə xidmətləri, müalicə-salamatlıq xidmətləri, ekskursiya xidmətləri, konfrans zallarının təqdim edilməsi və digər xidmətlər daxildir.
Xərc dedikdə isə içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər, bütün növ yanacaq və enerji xərcləri, suyun alınmasına çəkilən xərclər, əməkhaqqı xərcləri, icarə ödənişləri, əsas vəsaitlərin cari təmirinə sərf olunan xərclər, reklam xərcləri, büdcəyə ödənilən vergilər və digər xərclər nəzərdə tutulur.