Hesablama Palatasının 2023-cü ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki qurumlarda dövlət vəsaitlərinin və əmlakının idarə olunmasına dair keçirdiyi audit zamanı bir sıra maliyyə pozuntuları aşkarlanıb.
Bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.
Audit nəticəsində məlum olub ki, kənd təsərrüfatı məhsulları istehsalçısı olmadığı və xərcləri dövlət büdcəsi vəsaiti – o cümlədən büdcədənkənar əməliyyatlar hesabına maliyyələşdirildiyi halda, Aqrar Xidmətlər Agentliyinin tabeliyində büdcə təşkilatı kimi fəaliyyət göstərən Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi üzrə fermer (bank) kartına subsidiya adı altında 0,1 milyon manat vəsait köçürülüb.
Həmin vəsaitin dövlət büdcəsinə qaytarılması bu günə qədər təmin edilməyib.