Britaniyanın HSBC bankı Bernar Medoffun məşhur maliyyə piramidası ilə bağlı mümkün xərcləri qarşılamaq üçün 1,1 milyard dollar ayırdığını açıqlayıb. Bank bildirib ki, bu məbləğ 28 oktyabrda təqdim ediləcək üçüncü rübün maliyyə hesabatında əks olunacaq.
HSBC bir neçə fonda xidmət göstərib, həmin fondlar isə Bernard L. Madoff Investment Securities LLC-yə investisiya yatırıb. 2009-cu ildə bu fondlardan biri — Herald Fund SPC — HSBC-nin Lüksemburq bölməsinə qarşı məhkəmə iddiası qaldırmışdı. Fond iddia edirdi ki, onun aktivləri fırıldaqçılıq nəticəsində itirilib.
24 oktyabrda Lüksemburqun Kassasiya Məhkəməsi HSBC-nin Herald Fund-un iddiasının rədd edilməsinə dair müraciətini təmin etməyib. Məhz bu qərardan sonra HSBC mümkün ödənişlər üçün böyük məbləğ ayırdığını açıqlayıb.
2009-cu ildə ifşa olunan Bernard Medoffun maliyyə piramidası dünya tarixində ən böyük fırıldaq sxemlərindən biri hesab edilir — onun həcmi təxminən 65 milyard dollar dəyərində qiymətləndirilir. Bernard Medoff 150 il həbs cəzasına məhkum edilib. O, 2021-ci ildə, 82 yaşında həbsxanada dünyasını dəyişib.
Araşdırmalar zamanı onun fondları və qiymətli kağızları ilə işləyən və ya zərər görən bir çox iri bankların adı çəkilmişdi: İspaniyanın Santander, Böyük Britaniyanın HSBC və Royal Bank of Scotland, Fransanın BNP Paribas, İtaliyanın UniCredit və digərləri.
Ən böyük cərimə 2014-cü ildə ABŞ-nin JP Morgan Chase bankına tətbiq olunub — 2 milyard dollar. JP Morgan uzun illər Bernard Medoffun maliyyə şirkətinin xidmət təminatçısı olduğundan, ABŞ hakimiyyəti və investorlar bankı ehtiyatsızlıqda və lazımi nəzarəti həyata keçirməməkdə günahlandırmışdı.








