18 C
Baku
Bazar, Oktyabr 24, 2021

Hülusi Akar: “Naxçıvanla Zəngilan arasında kommunikasiya xətti qurulacaq”

“Cənab Prezident, vaxt ayırıb bizi qəbul etdiyiniz üçün öz adımdan və nümayəndə heyətinin üzvləri adından çox təşəkkür edirik, sağ olun. Cənab Prezidentimizlə Siz mütəmadi olaraq danışırsınız, amma yenə də o, Sizə salam göndərdi. Salamlarını Sizə çatdırmaq istəyirəm. Fürsətdən istifadə edib gec də olsa, doğum gününüzü təbrik edirik, neçə belə illərə çıxasınız. Liderliyinizi, inşallah, möhkəm cansağlığı və uğurlarla davam etdirəcəksiniz”.

Bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar dekabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərkən deyib.

“Təbii ki, burada bəzi duyğusal anlar da yaşadıq. Biz bunları unutmuruq, bu barədə dostlarımızla davamlı danışırıq. Bunlardan birincisi noyabrın 10-da saat ikidəki nitqinizdir. Həqiqətən də o, bir Zəfər nitqi idi. Bunu daim xatırlayırıq. İkinci də 30 il işğala səssiz qalıb, seyr edib, hər şey bitdikdən sonra buraya gəlib Minsk qrupu olduqlarını xatırladanlara bu masada verdiyiniz cavabı da böyük bir zövqlə, böyük bir dərs olaraq Türkiyədə izlədik. Həqiqətən də hər kəs Sizin bu qətiyyətinizdən qürur duydu.

Qarabağ Zəfərinin, Sizin də dediyiniz kimi, həqiqətən Qafqazın tarixində çox önəmli yeri var. Bu, həm Türkiyə-Azərbaycan əlaqələri baxımından dönüş nöqtəsi oldu, həm də Qafqazın gələcəyi baxımından həqiqətən çox önəmli bir addım oldu. Sizin də dediyiniz kimi, bu Zəfərin taclanması üçün, inşallah, ən qısa vaxtda Ortaq Mərkəzin fəaliyyətə başlamasından sonra Naxçıvan ilə Zəngilan arasında kommunikasiya xətti qurulacaq ki, bu da qardaşların bir-biri ilə sıx əlaqəsi – Türkiyənin, Naxçıvanın və Azərbaycanın fiziki olaraq bir-birinə bağlanması baxımından çox önəmlidir.

Təbii ki, otuz illik bu mübarizə başa çatdıqdan, torpaqların işğaldan azad olunmasından sonra, inşallah, qarşıdakı dövrdə Sizin liderliyinizlə qoyulacaq sərmayələrlə orada rifah artacaq, əmin-amanlıq möhkəmlənəcək və ora bütün bölgə üçün, Qafqaz üçün cazibə mərkəzinə çevriləcək. Azərbaycanın iradəsi ilə burada sülhün və sabitliyin təmin olunmasında Azərbaycan ilə Türkiyənin birliyi, bərabərliyi, çiyin-çiyinə çalışması həqiqətən təkcə bu gün üçün deyil, gələcək üçün də böyük perspektivlər vəd edir. İnşallah, qarşıdakı dövrdə bu qardaşlıq bir ürək, bir bilək, bir yumruq olaraq davam edəcək. Bununla da hər kəsin bura ilə bağlı planlarını yenidən nəzərdən keçirəcəyini, diqqətli olacağını düşünürük”, – o bildirib.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər