“Hər nə qədər ruslar Ukraynada baş verənlərə “xüsusi əməliyyat” desələr də, biz buna müharibədir deyib, Montrö Sazişini tətbiq etməyə başladıq. Digər məsələ isə, Rusiyanın rəsmi müharibə elan etməməsidir”.
Bu barədə Ankarada keçirilən 13-cü Səfirlər Konfransında çıxışı zamanı Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
Akar vurğulayıb ki, dünyada ciddi nüvə müharibəsi riski ortaya çıxıb. Bundan əlavə, nazir qeyd edib ki, terrorla mübarizədə Türkiyənin tək məqsədi sərhədlərini, vətəndaşlarını qorumaqdır: “Bizim başqalarının torpağında gözümüz yoxdur. Türkiyə Silahlı Qüvvələri İŞİD-lə qarşı-qarşıya mübarizə aparan yeganə ordudur… İraqın şimalında apardığımız “Pençe-Kilit” əməliyyatı işğal deyil, terrorla mübarizədir və çox çətin bir ərazidə həyata keçirilir”.