“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində işğalçı Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi müharibə cinayətlərinin beynəlxalq humanitar hüquq kontekstində qiymətləndirilməsi ilə bağlı hesabatın təqdimatı keçirilib. Hesabat ingilis dilində hazırlanıb və beynəlxalq qurumlara təqdim olunması nəzərdə tutulub.
Tədbirdə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli bildirib ki, təqdim olunan hesabat ümumilikdə Ermənistan ordusunun Azərbaycan mülki əhalisinə qarşı törətdiyi cinayətlər beynəlxalq hüquq normalarına nəzərən qiymətləndirilməsi və beynəlxalq təşkilatlardan münasibət bildirilməsi tələbi məqsədilə hazırlanıb.
Hesabat aşağıdakı məsələləri əhatə edir:
• Beynəlxalq hüquqda mülki şəxslərin qorunması;
• Qarabağ münaqişəsi haqqında bilməli olduğumuz bəzi faktlar;
• Ermənistan tərəfindən mülki şəxslərə edilən hücumlar və mülki itkilərin sayı;
• Atəşkəsin Ermənistan tərəfindən 3 dəfə pozulması;
• Bərdədə mülki şəxslərin kütləvi qətlləri;
• Gəncəyə raket zərbələri;
• Mülki insanlara humanitar dəstək;
• Ermənistandan neft kəmərinə raket zərbəsi;
• Azərbaycan yalnız hərbi obyektlərə zərbə vurmaqla müharibə qanunlarına riayət etməsi;
• Beynəlxalq hüquqda silahlı qarşıdurmalarda qadın və uşaqların qorunması;
• Ermənistan ordusunda azyaşlı əsgərlərdən istifadə və beynəlxalq hüquqi aspektlər;
• Təhsil müəssisələrinin Ermənistan tərəfindən hərbi məqsədlər üçün istifadəsi;
• Uşaqların xüsusi qorunmasının beynəlxalq hüquq aspektləri;
• Mülki insanları qorumaq üçün Azərbaycan tərəfindən həyata keçirilən Ermənistanı sülhə məcburetmə siyasəti və beynəlxalq hüquq və doktrinalara uyğunluğu;
• Nəticə və beynəlxalq birliyə müraciət.
Hesabatın sonunda beynəlxalq təşkilatlara edilən müraciətdə Ermənistanın insanlığa qarşı törətdiyi bu müharibə cinayətlərinin qətiyyətlə pislənilməsi və təcavüzkara qarşı müvafiq tədbirlərin görülməsi tələb olunur.