12 C
Baku
Friday, November 8, 2024

I rübdə ARDNF-in aktivləri 6% azalıb

2015-ci ilin I rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 5,86% – $34 mlrd. 930,5 mln.-a qədər artıb. Bu barədə fondun icraçı direktoru Şahmar Mövsümov cümə günü mətbuat konfransında məlumat verib.

“I rübdə ARDNF-in aktivlərinin $2 mlrd.-dan çox azalması yalnız məzənnə fərqi ilə əlaqədardır. Fondun aktivlərinin böyük hissəsi ABŞ dollarında yerləşdirilib, lakin avro, funtda da böyük pay var. I rübdə avro dollara nisbətən 14%, funta nisbətən 4,8% ucuzlaşıb. Bu səbəbdən ARDNF-in ABŞ dollarında aktivləri azalıb”, – deyə Ş.Mövsümov bildirib.

Onun sözlərinə görə, 2015-ci ilin yanvar-mart ayları ərzində fondun gəlirləri 2 mlrd. 28 mln. manat, xərcləri 2 mlrd. 335,6 mln. manat təşkil edib.

Fondun gəlirləri strukturunda mənfəət nefti və qazının satışından daxilolmalar 1 mlrd. 936,3 mln. manat, tranzit gəlirləri 2,6 mln. manat təşkil edib.

I rüb ərzində fondun vəsaitlərinin idarə olunmasından 89,1 mln. manat gəlir əldə edilib.

Hesabat dövründə fondun xərcləri strukturunda ən çox məbləğ – 1 mlrd. 941,7 mln. manat dövlət büdcəsinə transfertlərin payına düşüb.

Bundan başqa, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 47,9 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 25,1 mln. manat, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə 3,9 mln. manat, “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 307,4 mln. manat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 2,7 mln. manat, Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə 6,9 mln. manat vəsait yönəldilib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı fondun büdcədənkənar gəliri 7 mlrd. 488,7 mln. manat təşkil edib.

Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s. mənbələrdən daxil olan gəlirlər toplanır.

Neft Fondu rübdə bir dəfə gəlir və xərcləri barədə hesabat təqdim edir.

Son xəbərlər
Digər xəbərlər