Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) 2026-cı ildə aviaşirkətlərin xalis gəlirliliyinin 3,9 % səviyyəsində qalacağını proqnozlaşdırır.
Bunu IATA-nın davamlı inkişaf üzrə baş vitse-prezidenti və baş iqtisadçısı Mari Ouens Tomsen IATA Global Media Day tədbirində bildirib.
Onun sözlərinə görə, 2026-cı ildə aviaşirkətlərin ümumi xalis mənfəəti 41 milyard ABŞ dolları (2025-ci ildə – 39,5 milyard ABŞ dolları) səviyyəsində gözlənilir.
“Yeni rekorda baxmayaraq, xalis mənfəət üzrə rentabellik eyni (3,9 %) qalacaq. Daşınan hər bir sərnişin üzrə xalis mənfəət 7,9 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır ki, bu da 2023-cü ilin maksimumundan (8,5 ABŞ dolları) aşağıdır və 2025-ci ilin göstəricisinə nisbətən dəyişməyəcək”, – M.Tomsen bildirib.
IATA 2026-cı ildə əməliyyat mənfəətinin 72,8 milyard ABŞ dolları (2025-ci ildə 67 milyard ABŞ dolları), əməliyyat rentabelliyinin 6,9 % olacağını proqnozlaşdırır. Bu da 2025-ci ildə gözlənilən 6,6 %-dən yuxarıdır, investisiya edilmiş kapitalın gəlirliliyi isə (ROIC) 2025-ci ildəki kimi 6,8 %-ə çatacaq.
“Borc yükünün azalmasına və əməliyyat rentabelliyinin artmasına baxmayaraq, ROIC-in 2026-cı il üçün 8,2 % olan kapitalın orta çəkili dəyərindən (WACC) aşağı qalacağı gözlənilir.
Sənayenin ümumi gəlirinin 2026-cı ildə 1,053 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır ki, bu da 2025-ci ildə gözlənilən 1,008 trilyon dollarlıq gəlirdən 4,5 % çoxdur”, – o bildirib.
M.Tomsen əlavə edib ki, yüklənmə əmsalları rekord qırmağa davam edəcək: aviaşirkətlər bütün yerlərin 83,8 %-ni dolduracaq: “2026-cı ildə sərnişinlərin sayının 5,2 milyarda çatacağı (2025-ci illə müqayisədə 4,4 % çox), yük daşımalarının həcminin 2026-cı ildə 71,6 milyon tona çatacağı (+2,4 %) gözlənilir”.
Proqnozları şərh edən IATA-nın baş direktoru Uilli Uolş qeyd edib ki, dəyişən və mürəkkəb əməliyyat mühitində aviaşirkətlərin yüksək göstəriciləri təsirli olsa da, sənayenin mənfəəti hələ də kapitalın dəyərini qarşılamır.
“Sənayenin rentabelliyi, xüsusilə də onun dünya iqtisadiyyatına – təxminən 4 % və 87 milyon iş yerinə verdiyi töhfə nəzərə alındıq, son dərəcə aşağı olaraq qalır. Buna baxmayaraq, “Apple” bir “iPhone” üzlüyünün satışından bir aviaşirkətin 7,9 ABŞ dollarına sərnişin daşımasından daha çox gəlir edir”, – o bildirib.
U.Uolş, həmçinin sənaye zəncirindəki gəlirlilik disbalansını vurğulayıb: mühərrik və avionik istehsalçıları, eləcə də xidmət təchizatçıları əhəmiyyətli dərəcədə daha yüksək marjinal göstəricilər nümayiş etdirirlər.
“Dəyər yaratma zəncirini tarazlaşdırmaq, normativ və vergi təzyiqini azaltmaq, eləcə də infrastruktur səmərəliliyini artırmaq mümkün olsaydı, aviaşirkətlər dünya iqtisadiyyatına töhfələrini əhəmiyyətli dərəcədə artıra bilərdilər”, – o qeyd edib.








