“International Business Machines” (IBM) striminq platforması “Confluent Inc.” şirkətini təxminən 11 milyard dollara almaq üçün danışıqlar aparır. Bu barədə məlumatlı mənbələrə istinadən “The Wall Street Journal” məlumat verib.
“Confluent” süni intellekt modellərində istifadə olunan və real vaxt rejimində məlumat axınlarını idarə etməyə kömək edən texnologiya təqdim edir. Süni intellekt (Sİ) populyarlığının artması pərakəndə ticarət, texnologiya və maliyyə xidmətləri kimi sektorların bu imkanlara tələbatını artırıb.
“Confluent”in alışı IBM şirkəti üçün son illərdə ən böyük müqavilələrdən biri ola bilər.
Cümə gününə olan məlumata görə, “Confluent”in bazar dəyəri təxminən 8 milyard dollar, IBM-in bazar dəyəri isə təxminən 290 milyard dollar təşkil edir.
“Confluent” 2014-cü ildə “LinkedIn” şirkətindən gələn mütəxəssislər — hazırda şirkətin baş direktoru olan Cey Kreps, eləcə də Niya Naxid və Can Reo tərəfindən yaradılıb. Şirkətin proqram təminatı müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrə hər saniyə daxil olan böyük həcmli məlumatları təşkil etməyə, saxlamağa və idarə etməyə imkan verir. Hazırda “Confluent”in müştəri sayı 2,5 mindən çoxdur, onlara “Goldman Sachs”, “Domino’s Pizza”, “Instacart” və “Michelin” daxildir.
2021-ci ildə “Confluent” IPO keçirib və nəticədə 9,1 milyard dollar dəyərində qiymətləndirilib.
Bundan əvvəl xəbər verilmişdi ki, “Netflix Inc.” “Warner Bros. Discovery”nin (WBD) aktivlərini, o cümlədən “Warner Bros.” kinostudiyasını, “HBO” və “HBO Max” striminq xidmətini 72 milyard dollarlıq anlaşma çərçivəsində alacaq.







