“İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlanıb

Bakı metrosunda “28 May”dan “İçərişəhər” istiqamətinə yeni nəsil qatarların ardıcıl buraxılmamasının səbəbi açıqlanıb.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib.

Onun sözlərinə görə, sözügedən istiqamətdə mövcud elektrik yarımstansiyalarının imkanları yeni nəsil qatarların yaratdığı enerji tələbatını tam ödəməyə imkan vermir.

Bəxtiyar Məmmədov bildirib ki, yeni nəsil qatarların hərəkət sisteminin enerji tələbatı 170 kVt, köhnə nəsil qatarlarda isə maksimum 114 kVt təşkil edir. İki dəqiqəlik hərəkət intervalı da nəzərə alındıqda enerji tələbatı əhəmiyyətli dərəcədə artır.

“Hazırda “28 May”dan “İçərişəhər” istiqamətində elektrik yarımstansiyaları köhnə nəsil olduğu və bu tələbatı ödəmədiyi üçün həmin istiqamətdə ardıcıl olaraq yeni nəsil qatarları buraxa bilmirik”, – deyə o qeyd edib.

Bəxtiyar Məmmədov əlavə edib ki, xətlərin ayrılması layihəsi çərçivəsində iki yeni dartı elektrik yarımstansiyasının tikilməsi, mövcud bir yarımstansiyanın isə yenidən qurulması nəzərdə tutulur.

Onun sözlərinə görə, bu işlər həyata keçirildikdən sonra “İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayını artırmaq mümkün olacaq. İşlərin yaxın bir il ərzində həyata keçirilməsi gözlənilir.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər