Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə, kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı, bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Kirayə haqqından gəlir Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulmalıdırmı? Yəni, rezident fiziki şəxslərə Azərbaycan Respublikasında ödənilmiş kirayə haqqının məbləğləri Vergi Məcəlləsinin 124.1-ci və 124.2-ci maddələri üzrə vergitutma obyekti hesab olunmalıdırmı?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki,Vergi Məcəlləsinin 124.1-ci maddəsinin müddəalarına görə daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
Qeyd olunanlara əsasən, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda, vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır. İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 99-cu, 124-cü və 150-ci maddələri