16 C
Baku
Thursday, November 21, 2024

İcbari avto-məsuliyyət sığortası üzrə 1 il ərzində nələr dəyişdi?

Məlum olduğu kimi sığorta sahəsi üzrə tənzimləmə və nəzarət funksiyalarının Mərkəzi Banka keçməsindən sonra uzun müddət qüvvədə olan bir sıra qayda və normalar müasir dövrün tələblərinə, beynəlxalq sığorta prinsiplərinə, həmçinin xarici təcrübələrə uyğun olaraq dəyişir. Bu dəyişikliklər sığorta münasibəti iştirakçılarının, xüsusilə də istehlakçıların hüquqlarının müdafiəsinə mühüm töhfə verməyə yönəlmişdir.

Bu yazımızda nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari (icbari avto-məsuliyyət) sığortası üzrə
2022-2023-cü illərin qanunvericilik dəyişikliklərinin mahiyyəti barədə məlumat verəcəyik.

Bəs əslində bu sığorta növü üzrə nələr dəyişdi?

1) Sığorta haqları üzrə yeni hesablama qaydasının tətbiqi.
01 oktyabr 2022-ci ildən etibarən sığorta haqqının hesablama qaydası dəyişdi. Əvvəlki qaydalar nəqliyyat vasitələrinin növünə (avtobus, motosiklet, yük maşını və s) və ya mühərrik həcminə, o cümlədən sığortalının hüquqi və ya fiziki şəxs olmasına tariflərin tətbiqini nəzərdə tutmaqla sığorta haqqını müəyyən etdiyi halda, yeni qaydalar aşağıdakı meyarlara əsasən sığorta haqqını formalaşdırdı:
– sürücü sayı
– nəqliyyat vasitəsinin növü
– sürücülük təcrübəsi
– sürücünün yaşı
– nəqliyyat vasitəsinin istismar müddəti
– nəqliyyat vasitəsinin istifadə edildiyi ərazi
– əvvəlki hadisələrin sayı
– sürücünün kateqoriyası (hüquqi və ya fiziki şəxs)
Sığorta haqqı ilə bağlı onu da bilmək lazımdır ki, sığorta haqqının baza hissəsi 50 manat olaraq sabit qalmışdır.

2) Zərərlərin birbaşa tənzimlənməsi.
01 noyabr 2022-ci il tarixdən sonra baş vermiş yol-nəqliyyat hadisələri zamanı yalnız iki nəqliyyat vasitəsi hadisə iştirakçısı olduqda zərərin tənzimlənməsi zərərçəkmişin öz sığortaçısı vasitəsilə həyata keçirilməyə başlandı. Beləliklə, zərərçəkmişə öz şirkəti keyfiyyətli xidmət göstərmək imkanı əldə etmiş oldu. Zərər ödənildikdən sonra isə zərərçəkmişin sığorta şirkəti ödədiyi məbləği zərərvurandan geri qaytarmaq imkanı əldə etdi.

3) Elektron sığorta müqaviləsinin əlçatanlığı.
10 yanvar 2023-cü ildən başlayaraq sığortalılar istənilən sığorta şirkətinin, o cümlədən İcbari Sığorta Bürosunun saytı vasitəsilə elektron qaydada sığorta müqaviləsinin məlumatlarını yazmaqla və Hökumət Ödəniş Portalı vasitəsilə ödəniş etməklə informasiya sisteminin verdiyi sığorta haqqını ödəyərək müqaviləsini əldə edə bilir.

4) İcbari Sığorta Bürosu ilə dövlət qurumlarının inteqrasiyası.
2023-cü ildən başlayaraq inteqrasiyaların təkmilləşdirilməsi nəticəsində Büronun rəsmi saytı vasitəsilə hər kəsin asan imzadan istifadə edərək öz müqavilələrinə əlçatanlığı təmin edilir.

5) Sığorta şəhadətnaməsinin yeni nüsxəsi.
Sığorta haqqının necə hesablandığını görməyə imkan verən, həmçinin hadisə zamanı necə hərəkət etməyi, müqavilə ilə bağlı bilinməli məsələləri əks etdirən yaddaş vərəqi barədə, Mərkəzi Banka hüquqlarının pozulduğu halda müraciət imkanı barədə, müqaviləni yükləmə imkanı barədə ştrix kodları əks etdirən yeni şəhadətnamə forması təsdiqləndi.

6) Şikayət indeksi.
2022-ci ilin oktyabr ayından başlayaraq Mərkəzi Bank icbari avto-məsuliyyət növü üzrə sığortaçıların daxil olmuş şikayətlərə münasibətdə bazardakı mövqeyini əks etdirən indeksi açıqlamağa başladı. Bu da özlüyündə sığortaçı seçimi zamanı istehlakçıları maarifləndirməyə mühüm töhfə verməkdədir.
Göründüyü kimi təkcə bir icbari sığorta növü üzrə bu qədər mühüm dəyişiklik baş verdi.

Müəllif: Şəhriyar Həbilov

Son xəbərlər
Digər xəbərlər