9 C
Baku
Thursday, November 28, 2024

İcbari avto-sığortada mənfəətlilik düşür – Ödənişlər yüksəlməkdədir

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVİSMİS) üzrə ödənişlərin sığorta yığımlarını yenidən üstələməsi səbəbindən şirkətlər üçün bu biznesin mənfəətlilik dərəcəsi aşağı düşüb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ilin ilk 10 ayında sığortaçılar ümumilikdə icbari avto-sığortadan 140.79 milyon manat yığım əldə edərkən 105.35 milyon manat ödəniş ediblər.

Sığorta haqları illik müqayisədə 4 faiz artarkən, ödənişlərin həcmi 29 faiz artıb. Bu da nəticə etibarı ilə sığortaçılar üçün icbari avto-sığorta ödənişlərinin mənfəətlilik göstəricisini aşağı salır.

Məsələn, keçən ilin ilk 10 ayında sığorta ödənişlərinin yığımlara nisbəti 61 faiz olduğu halda, cari ilin eyni dövründə bu rəqəm 75 faizə yüksəlib. Yəni, sığorta şirkətləri biznesdən əldə etdikləri hər bir manat qarşılığında 75 qəpik ödənişlər həyata keçiriblər.

Avtosığorta ölkədə icbari qaydada həyata keçirilir və Mərkəzi Bank tərəfindən müəyyən edilmiş parametrlər əsasında ödəniş həcmləri var. Son illərdə requlyator baza ödəniş həcmini yüksəltsə də, onun ödənişlərinin həcmi sürücünün təcrübəsi, yaşı, tarixçəsi və s. kimi məsələlərlə tənzimlənir. Həmin qanundan sonra bu bazarda canlanma müşahidə edilsə də, ödənişlər yenidən artmağa başlayıb.

Digər məsələ isə, müştəri seçimi sığorta şirkətlərinin seçiminə bağlı deyil. Məsələn, iki il öncə bir sıra sığorta şirkətləri onlayn qaydada kiçik həcmli avtomobilləri sığortalamaqda maraqlı deyildilər və hətta bundan açıq qaydada imtina edirdilər. Tənzimləyici bu məsələni də konkret qaydalar tətbiq etməklə həll edə bildi. Sığortaçılarla bağlı şikayət indeksi tənzimləyici tərəfindən saytında aylıq dərc edilər və onların hansı ilə bağlı daha çox şikayəti daxil olması müəyyən etmək olur. Ödənişlərlə bağlı bəzi süründürməçilik öncəki ildən bir qədər aşağı düşməsi də ödənişlərin artmasına təkan verə bilib.

Daxili İşlər Nazirliyinin 2023-cü il üzrə statistikasına görə, həmin il ölkə ərazisində 1 636 yol-nəqliyyat hadisəsi baş versə də, bu öncəki ildən azdır. Keçən ilin eyni dövründə 1 668 ədəd idi, bununla belə ödənişlərin həcmi öncəki il yüksəlmişdi.

 

Son xəbərlər
Digər xəbərlər