İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində bağlanmış elektron icbari sığorta müqavilələri və sığorta hadisələri barədə məlumatların əldə edilməsi üçün yaradılan şəxsi sığorta kabinetinin ASAN Login sistemi ilə inteqrasiyası başa çatıb.
Bu barədə Bürodan məlumat verilib.
Bildirilir ki, artıq mobil nömrə ilə ASAN Login sistemindən qeydiyyatdan keçən vətandaşlar şəxsi sığorta kabinetinə daxil ola biləcəklər.
ASAN Login sistemi ilə Büronun informasiya sistemləri arasında məlumat mübadiləsinin qurulması nəticəsində identifikasiya nömrəsinə sahib olan 3 milyona yaxın vətəndaş sığorta müqaviləsi və sığorta hadisəsi üzrə məlumatlarını şəxsi kabinet vasitəsilə izləyəcək.
Xatırladaq ki, İSB-nin informasiya sistemində mövcud olan 5 icbari sığorta növündən ikisi – “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü artıq elektronlaşdırılıb. “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”, və “Sərnişinlərin icbari fərdi qəza sığortası” növlərinin elektronlaşdırılması istiqamətində isə işlər aparılır.