5 C
Baku
Saturday, December 14, 2024

İcbari sığorta üzrə ödənişlərin limiti indeksləşdirilməlidir – TƏHLİL

Ötən ilin sonunda manat devalvasiya edildikdən sonra bir sıra sahələrdə dəyişikliklər baş verib, amma bəzi sahələr isə tam olaraq diqqətsiz qalıb. Məsələn, manatın ucuzlaşmasından sonra baş verən istehlak bazarında qiymətlərin artması problemi dövlət tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində, vaxtın “tənzimlənməsi” nəticəsində müəyyən dərəcədə yumşalıb. Amma məsələ tək istehlak bazarı ilə bitmir, bir çox sahələrdə indeksləşdirmə aparmaq zərurəti var. Söhbət ondan gedir ki, devalvasiya nəticəsində əhalinin manat gəlirlərinin alıcılıq qabiliyyəti azalıb, amma buna paralel olaraq əhalinin digər alınmaları da alıcılıq qabiliyyətində uduzublar. Xüsusən də mal idxalı sahəsində.

Bu fikri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası barədə təsdiqləmək olar. Qısa bir arayış: avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir (“İcbari sığortalar haqqında Qanun”). Sığortanın bu növü ondan ibarətdir ki, əgər avtomobil istismarı zamanı özgə əmlakına, ilk növbədə digər avtomobilə ziyan vurubsa, bu zərər sığorta şirkəti tərəfindən ödənilir. Azərbaycanda, dünyanın əksər ölkələrdəki kimi, bu sığorta növü icbaridir, bu sığortanın polisi olmadan avtomobilin istismarı qadağandır, əks təqdirdə avtomobili icbari sığorta etdirməyən şəxsi böyük həcmli cərimə gözləyir. Sanki, hər şey normaldır, hər şey qaydasındadır. Amma Azərbaycanda qanunvericilik baxımından üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50 000 manatdan çox olmamaq şərti ilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5 000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5 000 manat. Sadə desək, əgər qəza nəticəsində digər maşına zərər vurulubsa, sığorta şirkəti tərəfindən ən çox 5 000 manat ödənilə bilər. Və əgər devalvasiyadan əvvəl bu miqdar, necə deyərlər, gözə dəyən idi, indi əksinə.

Xatırladaq ki, ötən il manat iki dəfə devalvasiya edilib: əvvəl fevralda dolların məzənnəsi 0,786 manatdan 1,05 manatadək, dekabrda isə 1,55 manatadək qaldırılıb. Yəni ötən ilin əvvəli ilə müqayisədə manat 2 dəfə ucuzlaşıb. Müvafiq olaraq, əgər 2015-ci ilin fevralına qədər avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğin limiti 6 400 dollara yaxın olubsa, indi bu həcm cəmi 3 300 dollara bərabərdir. Bu sahəyə  devalvasiyanın təsirinin ciddi olduğunu niyə iddia edirik? Çünki avtomobilin təmiri sırf ehtiyat hissələri ilə bağlıdır, Azərbaycanda isə avtomobillər xarici istehsaldır və müvafiq olaraq onların bütün ehtiyat hissələri idxal olunur ki, bu sahəyə də təbii olaraq dolların bahalaşması birbaşa təsir edir. Nəticədə, avtomobillərin təmiri (söhbət ilk növbədə ciddi bərpa işlərindən gedir) manatla iki dəfə bahalaşıb. Daha sadə desək, bu işlər dollarda həmin qiymətdə qalıb, ödənilən sığorta məbləği isə dollar ifadəsində 2 dəfə azalıb. Beləliklə, əgər devalvasiyalardan əvvəl sığorta üzrə alınan məbləğ lazımı təmirə çatırdı, indi isə çətin ki çatsın…

Aydındır ki, bu sahədə indeksləşmə zəruridir, indiyə kimi bu barədə heç bir irəliləyiş olmayıb. Əgər bundan əvvəl bu sahəyə, yəni sığorta sahəsinə cavabdeh qurum – Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti vardısa, indi həmin xidmət ləğv olunub, onun səlahiyyətləri isə Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib.

Xarici təcrübə

Devalvasiyadan başqa avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində təbii problemi var: hətta devalvasiyadan əvvəl sığorta məbləği (və ya sığorta ödənişin limiti) digər ölkələrlə müqayisədə gülünc idi, indi isə lap gülməlidir.

Uzağa getməyək, Avropa ölkələri ilə müqayisə edək:

Ölkə

Əmlaka vurulan zərərə görə ödənişin limiti (avro)

Sağlamlığa vurulan zərərə görə (avro)

Almaniya

500 000

7 500 000

Belçika

100 000 000

Limit yoxdur

Böyük Britaniya

1 200 000

Limit yoxdur

Finlandiya

3 300 000

Limit yoxdur

Fransa

1 000 000

Limit yoxdur

Hollandiya

1 000 000

5 000 000

İspaniya

15 000 000

70 000 000

İtaliya

1 000 000

5 000 000

Latviya

1 000 000

5 000 000

Polşa

1 000 000

5 000 000

Azərbaycan

2 900

29 000

Azərbaycanda birinci təsnifat üzrə limit təxminən 2 900 avro, ikinci təsnifat üzrə isə 29 000 avro təşkil edir. Rəqəmlər faktiki olaraq müqayisə olunmazdır. Avropada vəziyyətin bu cür olması onunla nəticələnir ki, əgər vətəndaş kiminsə maşınına və digər əmlakına zərər vurubsa, limit məbləğ ağla gələn bütün təmiri ödəyə biləcək. Azərbaycanda isə 2 900 avro hər hansı bir bahalı maşının, bəlkə, yalnız bir-iki ehtiyat hissəsinin alınmasına çatacaq. Qalan işlər isə qalır qəza iştirakçılarının boynuna, əksər halda maşını vurulan şəxs özü təmir etməli olur, çünki vuranın əvəzinə sığortaçı çıxış edir, o isə ən yaxşı halda 5 min manat verəcək.

 

Qısa bir əlavə: bu da onun fonunda baş verir ki, Avropada ehtiyat hissələri Azərbaycanda daha ucuzdur, çünki orada istehsal olunur, idxal olunmur.

 

Bütün buna belə bir etiraz ola bilər ki, Avropada icbari sığorta üzrə sığorta haqqı Azərbaycandan daha yüksəkdir. Düzdür, dəfələrlə yüksəkdir. Bəzi ölkələrdə bu rəqəm 1 000 avroya çatır. Məsələn, Polşa kimi ölkədə 300 avroya çata bilər. “Çata bilər”, ona görə ki, Avropa ölkələrində sığorta haqqı sürücünün stajı, avtomobilin xüsusiyyətləri, sığorta tarixi və sair amillərdən asılıdır. Azərbaycanda isə sığorta haqqı (minik avtomobillər üzrə) 50 manatdan təxminən 200 manatadək ola bilər (mühərrikin həcminə görə ən kiçik və ən iri minik maşınlara aid olmaqla). Orta həcmli maşın üzrə sığorta haqqı 75 manat və ya 44 avro təşkil edir. Avropa ölkələrində isə bu göstərici 200-250 avroya bərabərdir. Fərq göz önündədir. Amma ödənişlərin limiti üzrə fərq daha da görünəndir. Bədbəxt hadisə gözlənilmədən baş verir. Bəlkə ildə bir dəfə 200 avro verməklə rahat olmaq daha yaxşıdır, nəinki 10 min dollara olan maşını vurduqdan sonra təmirinə öz cibindən 1000-2000 də xərc qoymaq?

 

Oxşar problem coğrafi baxımdan bizə yaxın olan Rusiyada da müşahidə olunur. Burada limit 400 000 rubl və ya indiki məzənnə ilə 6 100 avro təşkil edir. Bu məbləğ yenə də Azərbaycandan iki dəfəyə yaxın çoxdur, amma buna baxmayaraq orada mütəxəssislər və ictimaiyyət limitin qaldırılmasını istəyir, faktiki olaraq tələb edir. Bundan başqa siyasi və iqtisadi baxımdan qeyri-stabilliyin hökm sürdüyü Ukraynada vaxt və imkan tapıb avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası limitini bu ilin fevralından qaldırılıblar. İndi əmlak üzrə limit 100 min qrivnadır (34500 avro), sağlamlıq üzrə bir zərərçəkənə 200 min qrivna (69000 avro) ödəniləcək. Rəqəmlər Avropa standartlarından uzaqdır, amma Azərbaycanla müqayisədə dəfələrlə çoxdur.

 

Bir məqamı da qeyd edək. Avropada icbari sığortalar üzrə limitlər hər 5 ildən bir yenidən baxılır. Sığorta bazarını xarakterizə edən iki göstəriciyə də diqqət yetirmək lazımdır. Azərbaycanda məcmu illik sığorta haqlarının (2015-ci il üzrə 443 mln. manat) adambaşına düşən həcmi təxminən 46 manat və ya 30 dollar təşkil edir, sığorta haqların ÜDM-ə nisbəti 0,8% təşkil edir. Müqayisə üçün Avropa ölkələrində birinci göstərici 2-3 min dollar, ikinci göstərici isə 5-15 faizdir. Bu da Azərbaycanda sığorta bazarın “inkişafının” göstəriciləridir. Avropa ölkələrində tək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə rəqəmlərə baxanda aydın olur ki, Azərbaycanda yalnız sığorta bazarın parodiyası mövcuddur. Min dəfəlik fərqi başqa cürə qiymətləndirmək… Alınmır ki alınmır.

APA

Son xəbərlər
Digər xəbərlər