10 C
Baku
Thursday, December 12, 2024

İcbari sığortası olmayan avtomobil piyadanı vurarsa… (tənzimləmələr)

Mövcud sığorta qanunvericiliyinə görə hamımız bildiyi adı ilə icbari nəqliyyat sığortası, qanuni adı isə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi mexaniki nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisində istifadəsi nəticəsində üçüncü şəxslərin (yəni təqsirli sürücünün ailə üzvü sayılmayan şəxslərin) sağlamlığına və ya əmlakına dəymiş zərərin ödənilməsi məqsədilə bağlanır.

Göründüyü kimi müvafiq icbari sığortası mövcud olmuş sürücünün baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində təqsirli olması təsdiq edilərsə və üçüncü şəxslərin əmlakı və ya sağlamlığına zərər dəyərsə, dəymiş zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləği həddində təqsirli sürücünün mülki məsuliyyətini sığortalamış sığortaçı tərəfindən ödənilir.

Mövzuya keçməzdən əvvəl qeyd edək ki, həmin sığorta məbləği üçüncü şəxslərin əmlakına dəymiş zərərə görə ümumilikdə 5000 AZN, 1 şəxsin sağlamlığına dəymiş zərərə görə isə 5000 AZN, lakin ümumilikdə 50 min AZN-dən çox olmayaraq müəyyən edilmişdir.

2017-ci ilin may ayından etibarən foto çəkiliş qaydasında tərtib edilən elektron protokolların sığortası olmayan avtomobillərə də tətbiq edilməsinə və icbari sığortaya ciddi nəzarət olunmasına baxmayaraq yenə də bir sıra hallarda sığortasız avtomobillərin törətdiyi qəzaların şahidi oluruq.

Belə olduğu təqdirdə isə həmin sığortası olmayan avtomobillərin törətdiyi qəza zamanı zərərçəkmişlər bir sıra çətinliklərlə qarşılaşır və məhkəmə mübahisələrinin yaranmasına səbəb olan çəkişmələr baş verir.

Mövzu çərçivəsində həm icbari sığortasız, həm də naməlum və ya oğurlanmış avtomobillərlə törədilmiş hadisələr zamanı zərərçəkmişlərə ödənilən kompensasiyalar barədə məlumat verməyə çalışacağıq.

Mövzu üzrə belə bir sualın cavabını tapaq.

Mövcud qanunvericilik icbari sığortasız, naməlum və ya oğurlanmış avtomobillə törədilmiş hadisələrlə bağlı hansı tənzimləməni həyata keçirir?

“İcbari Sığortalar haqqında” qanuna görə şəxsin sağlamlığına

– naməlum

– oğurlanmış

– mülki məsuliyyətin icbari sığortası müqaviləsi olmayan

avtonəqliyyat vasitəsilə xəsarət yetirildiyi halda İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi zərərçəkmiş şəxsə ödənilir.

Onu da qeyd edək ki, müvafiq sənədlərin toplanması icbari sığortası olan avtomobil sürücüsünün vurduğu zərərdə olduğu kimi həyata keçirilir.

Bu kimi hadisələrdə məqsədəmüvafiqdir ki, hadisə zamanı zərərçəkmiş şəxslər müvafiq qurumları mümkün olan ən tez müddətdə məlumatlandırmış olsunlar.

Bununla yanaşı bildirmək zəruridir ki, digər qəza hallarında isə (misal üçün əmlaka dəymiş zərər halında) zərərçəkmiş şəxslərin yuxarıda göstərilən üç kateqoriya şəxslərdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin deliktlərlə (zərərvurmayla) əlaqədar müvafiq normalarına istinad edərək dəymiş zərəri aradan qaldırmağı tələb etmək hüququ vardır.

Ən yeni və ən maraqlı mövzulardan xəbərdar olmaq üçün hər həftə yazılarımızı izləməyi məsləhət görürük.

Son xəbərlər
Digər xəbərlər