İcbari tibbi sığorta sisteminin tətbiqini (İTS) vətəndaşın rifahına əsaslanan sosial siyasətin ən önəmli qolu hesab etmək olar. Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun sözlərinə görə İTS bir sosial yük deyil, insan kapitalına qoyulan investisiyadır. Prezident İlham Əliyev də öz çıxışında qeyd etdiyi kimi, neftə investisiya yatırımı insan kapitalı ilə əvəzlənir. İcbari tibbi sığorta da bu investisiya qoyuluşunun bariz nümunəsidir.
İcbari tibbi sığortanın tarixinə nəzərə saldıqda qeyd etmək olar ki, İTS ilk dəfə 1880-ci ildə Almaniyada yaradılıb. Geniş şəkildə tətbiq olunmağa isə ikinci Dünya müharibəsindən sonra başlanılan, bununla da, inkişaf etmiş ölkələrin sosial-iqtisadi inkişafında çox əhəmiyyətli rola malik olub.
İcbari tibbi sığortanı səhiyyənin maliyyələşməsinin təkmil və daha səmərəli metodu olaraq qiymətləndirmək olar. Belə ki, İTS səhiyyə xidmətlərinə, səhiyyə infrastrukturunun yaxşılaşmasına, xidmətin keyfiyyətinin artırılmasına və bununla da insan kapitalının həyat şəraitinin yaxşılaşdırılmasına sərf olunan xərclərin daha sistemli, ehtiyac üzrə daha səmərəli və sosial təbəqələri ədalətli şəkildə əhatə etməklə təmin edilməsinə xidmət göstərir. Yəni İTS üzrə daxil olan ödənişlər (həm dövlət, həm də işləyən vətəndaşlar, işəgötürən/sahibkarlar və fərdi sahibkarlar tərəfindən) həmrəylik prinsipi əsasında vahid büdcə formalaşdıraraq bütün ölkənin tibb xidmətləri üzrə ehtiyacını ödəməyə imkan verir. Məşhur İngilis fiziki, Duqlas Blekin (Douglas Black) 1980-ci ildə yazılan məşhur “Qara hesabatına” əsasən müəyyən olunub ki, az təminatlı təbəqədə bütün xəstəliklər üzrə ölüm halları yüksək təbəqədən 2 dəfə çoxdur. Bunun səbəbi isə maddiyyatla bağlı deyil. Çünki həmin dövrdə 1948-ci ildən tətbiq olunan kompleks milli tibbi xidmətlər fəaliyyət göstərirdi və bir çox xəstəliklər üçün ödənişsiz xidmət təklif edirdi. Ölüm hallarının əsas səbəbini isə sistemsiz yanaşma, vaxtında və düzgün istiqamətdə müayinə və müalicələrə müraciətlərin olmamasını hesab etmək olar. Məhz bu səbəbdən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) bütün bu alqoritmik proseslərə nəzarəti də öz üzərinə götürərək ümumən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə çox böyük müsbət töhfəsini vermiş olacaq.
Bundan başqa, İTS-nin fəaliyyət prinsiplərinə aşağıdakıları aid etmək olar:
- Şəffaflıq- tam elektron qeydiyyat sistemi,
- Əlçatanlıq – qeydiyyat zamanı ən yaxın və uyğun tibb xidmətlərinin təklif olunması,
- Professionallıq – tibbi avadanlıqların və tibbi xidmətlərin keyfiyyətinin artırılması,
- Ədalət – Sistemli şəkildə işləyən növbə prinsipi, müvafiq həkimlərin ehtiyac üzrə xəstələrə təklif olunması, xidmətin tələb və təklif meyarları üzrə düzgün bölüşdürülməsi, sağlam rəqabət.
Bu prinsiplər üzrə fəaliyyətin təşkili vətəndaşlara verilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Təsadüfi deyil ki, son 3 il ərzində tətbiq olunan 2000 xidmətlə 400 minə yaxın əhalini əhatə edən İTS pilot layihəsi həm həkimlər, həm də vətəndaşlar tərəfindən müsbət qiymətləndirilib.
İcbari tibbi sığorta haqqı nə qədərdir və kimlər ödəyəcək? İcbari tibbi sığorta sistemi necə işləyəcək?
Dünya təcrübəsi ilə müqayisədə Azərbaycan modeli vətəndaşların mənafeyinə maksimal dərəcədə həssas yanaşılması ilə fərqlənir. Belə ki, dövlət hər zaman olduğu kimi yenə də vətəndaşın yanında olmaqla maliyyələşmənin əsas büdcəsini öz üzərinə götürür və büdcədən hər bir vətəndaş üçün 90 manat (ümumi 900 mln) ayrılması nəzərdə tutulub. Həmçinin, ödənişlər 2020-ci ilin ilk 3 ayı tamamən dövlət tərəfindən ödəniləcək. Aprelin 1-dən isə vətəndaşlar ödənişə başlayacaq. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanan əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilib. İşsiz əhali, təqaüdçülər, şagirdlər, əyani təhsil alan tələbələr, sosial müavinət alan vətəndaşlar, kənd təsərrüfatı ilə məşğul olan şəxslər (fərdi və qrup şəkildə çalışan fermerlər) ödəniş ödəməyəcəklər. Xidmət aldığı zaman isə vətəndaşlar üçün yalnız öz paylarına düşən ödəniş məbləği limit məbləğ deyil. Vətəndaş zəruri olduğu halda limit qoyulmadan bu xidmətləri ala biləcək.
İTSA büdcəsi formalaşdıqdan sonra bu vəsaitlər vətəndaşlara göstərilən xidmət zərfinə daxil olan tibbi xidmətlərin ödənilməsi, tibbi avadanlıqların, səhiyyə infrastrukturunun yaxşılaşdırılmasına sərf olunacaq. Bir ilin büdcəsi xərclənmədiyi təqdirdə gələn ilə keçirilir.
Eyni zamanda, xidmətlərin keyfiyyətinə, şəffaflığa Agentliyin tibbi ekspertizası tərəfindən nəzarət olunacaq. Vətəndaşlar müalicənin və ya digər xidmətlərin keyfiyyətindən narazı olduqda Agentliyə müraciət edərək xidmətin keyfiyyətinin artırılmasına yardım etməyə dəvət olunurlar.
Xidmətlərin Tətbiqi bütün ölkə üçün mərhələli şəkildə həyata keçiriləcək. Bunun əsas səbəbi isə 3042 tibb müəssisəsinin potensialının qiymətləndirilməsi və xidmətin keyfiyyətinin keyfiyyət standartlarına cavab verə bilməsi üçün müəyyən zamanın tələb olunmasıdır. İlkin tətbiq Şimal rayonlarından başlayacaq.
Sığorta sistemində xidmət zərfinə hansı xidmətlər daxildir?
Pilot layihədə 2000 xidmət vətəndaşlara təqdim olunub, 2020-ci ildən isə xidmət zərfi 3000-ə yaxın tibbi xidməti əhatə edəcək. Bu xidmətlərə misal olaraq: Təcili və təxirəsalınmaz tibbi yardım ,İlkin səhiyyə (ailə həkimi) xidməti, Ambulator şəraitdə müayinə və müalicə, stasionar müalicə, fizioterapevtik xidmətlər, laborator müayinələr, hamiləlik və doğuş xidməti, təcili vaksinasiyalar, uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya, cərrahi əməliyyatlar , müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə və s.
İcbari tibbi sığortanın vətəndaşlar üçün əhəmiyyəti nədən ibarətdir?
İTS vətəndaşların sosial rifahına müxtəlif aspektlərdən müsbət təsir göstərəcəkdir. İlk növbədə həmrəylik prinsipi ilə formalaşdırılan büdcə vətəndaşlara bərabər hüquqlu şəkildə tibbi xidmətlər almağa imkan yaradacaq. Aztəminatlı, azyaşlı və işsiz təbəqə ödənişlər etməsələr də yüksək təbəqə ilə eyni şəkildə və eyni miqdarda tibbi xidmət ala biləcəklər.
Digər müsbət tərəfi xidmətlərin göstərilməsində şəffaflığın təmin olunmasıdır. Belə ki, tam elektronlaşdırılmış qeydiyyat sistemi, Agentlik tibbi ekspertizası tərəfindən xidmətlərin keyfiyyətinə nəzarət, həkimlərə ayrılmış əməkhaqları və bonuslar qeyri-rəsmi ödənişlərin qarşısını alaraq şəffaf səhiyyə sisteminin yaradılmasına öz töhfəsini verəcəkdir.
İTS yığımlarının tibbi xidmətlərin keyfiyyətinin artırılması, tibb müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, tibbi avadanlıqların yeni texnologiyalara uyğun olaraq yenilənməsi, tibbi personalın dünya standartlarına uyğun maarifləndirilməsi kimi tədbirlərinə xərclənməsi də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına səbəb olacaqdır. Eyni zamanda, regionlarda tibb müəssisələrinin dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsi həmin regionda yaşayan sakinlərin tibbi xidmət almaq məqsədi ilə böyük şəhərlərə axını zərurətini aradan qaldıraraq, vətəndaşlar üçün tibbi xidmətlərin alınması prosesini daha çevik, əlçatan və effektiv edəcəkdir. Sözügedən dəyişikliklərin tətbiqi təbii olaraq ilkin etapda müəyyən zaman tələb edir, həm infrastrukturun yaxşılaşdırılması, həm tibbi personalın arzuolunan səviyyəyə qaldırılması, eyni zamanda, əhalinin məlumatlılığının artırılması prosesində çətinliklərin olması gözlənilir. Lakin zamanla dünya standartlarına uyğun, tam şəffaf və ədalətli səhiyyə xidmətlərinə keçid təmin olunacaq. Mərhələli keçid də bu çətinliklərin azaldılması və hər bir region üzrə daha dərin nəzarətin təmin olunması üçündür.
İTS-in səhiyyə sisteminə və tibb işçilərinə verəcəyi müsbət töhfə kimi nələri qeyd etmək olar?
İTS-nin tətbiqi vətəndaşların sosial-iqtisadi rifahına, ölkənin ümumi inkişafına müsbət təsir göstərdiyi kimi, həkimlər üçün də çox müsbət hesab olunur. İlk növbədə həkimlərin əmək haqqı artacaq. Əmək haqları Vahid tarif cədvəli ilə müəyyən olunaraq Agentlik tərəfindən ödənəcək ( Bundan başqa, bonus formasında əlavələr də ödəniləcək. Artıq təcrübədə İTS-nin həkimlərin məvacibinə müsbət təsiri sübut olunub. Belə ki, Pilot layihədə çalışan həkimlərin əməkhaqqı digərlərindən 2.5-3 dəfə çox olub. İxtisaslaşmış həkimlər arasında isə 7-8 min manat əmək haqqı alan həkimlər də var.
Xidmətlərin sistemliəşdirilməsi, elektronlaşdırılması, elektron növbə sisteminin tətbiqi, müraciətlərin alqoritmik şəkildə müvafiq xidmət qrupları üzrə istiqamətləndirilməsi (ilk öncə ailə həkiminə, daha sonra ehtiyac üzrə ixtisaslaşmış həkimlərə) həm vətəndaşlar, həm də həkimlər üçün müsbət təsirə malik olacaq. Belə ki, bu bölgü xəstəliklərin vaxtında üzə çıxarılması, profilaktikası, düzgün və ixtisaslaşmış şəkildə müalicəsinə gətirib çıxarır. Burada ailə həkimlərinin müraciət zəncirinin ilk halqası olması təsadüfi deyil. Belə ki, xəstəliklərin düzgün diaqnostikası, vaxtında aşkarlanması və göstərişə uyğun ixtisaslaşmış həkimlərə yönləndirilməsində ailə həkiminin rolu əvəzolunmazdır. Təsadüfi deyil ki, Fransada 2010-cu ildə aparılmış araşdırmaya əsasən də ailə həkimlərinin sayının çox olması erkən ölümlərin sayının azalmasına səbəb olduğu sübut olunub. Məhz bu səbəbdən dünya təcrübəsində ailə həkimin sayının ixtisaslaşmış həkimlərin sayının 50%-dən aşağı olmaması tövsiyə olunur. Həkimlər üçün müsbət təsirə gəldikdə isə, ailə həkimlərinə müraciətlərin sayı artacaq, eyni zamanda, məlumatsız pasientlərin yönləndirmə olmadan bir başa ixtisaslaşmış həkimə müraciət edərək həm həkimlərin, həm də özlərinin vaxt itkisinin qarşısı alınacaq, ixtisaslaşmış həkimlərin iş yükü azalacaq, bununla da xidmətin keyfiyyəti yüksələcək. Məsələn, bilik və bacarıqlarının arıtrılması üçün şərait yaranacaq, ixtisaslarına uyğun təlim kurslarına yönləndiriləcəklər.
Bundan başqa, Agentlik tərəfindən tibb məntəqələrinin infrastrukturunun yaxşılaşdırılması da həkimlərin heç bir xərc çəkmədən daha təkmil mühitdə işləməsinə imkan yaratması da icbari tibbi sığortanın müsbət təsiri olaraq qeyd olunmalıdır.