10 C
Baku
Friday, December 13, 2024

İcbari tibbi sığortanın tətbiqindən sonra Qəbələ Müalicə və Diaqnostika Mərkəzinə 15 minədək sakin müraciət edib

Respublikamızın şimal-qərb bölgəsinin digər rayonları kimi, Qəbələdə də yanvarın 1-dən etibarən icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığorta sisteminə keçid rayon əhalisinin keyfiyyətli və hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verəcək və bu xidmətlərdən rayonun 95 mindən çox sakini faydalanacaq.

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı Qəbələ rayonunda da ötən ilin noyabr-dekabr aylarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbirləri keçirilib, sistemin üstünlükləri barədə əhali ətraflı məlumatlandırılıb.

Qəbələ Müalicə və Diaqnostika Mərkəzi Publik hüquqi şəxsin baş həkimi Ceyhun Əhmədov müsahibəsində icbari tibbi sığorta sisteminin tətbiqinin səhiyyənin inkişafına çox böyük töhfə verəcəyini vurğulayıb. Baş həkim bildirib ki, icbari tibbi sığorta sisteminə keçidlə əlaqədar Rayon Müalicə və Diaqnostika Mərkəzi Publik hüquqi şəxsə müraciət edən vətəndaşların məmnunluğunu təmin etmək üçün xəstəxanada 3 yerdə qeydiyyat mərkəzi yaradılıb. Ailə Sağlamlıq Mərkəzinə müraciət edən sakin əvvəlcə ailə həkimi tərəfindən qəbul olunur. Sonra xəstə müayinələrdən keçmək üçün müvafiq şöbələrə göndərilir, ehtiyac yaranarsa ixtisaslı həkimlərə yönləndirilir.

Baş həkimin sözlərinə görə, yanvarın əvvəlindən bu günədək xəstəxanaya 14 min 815 nəfər müraciət edib. Onlardan 151 nəfəri stasionar, 6 min 541 nəfər isə ambulator müalicəyə cəlb olunub. Gün ərzində xəstəxanaya orta hesabla 350-400 nəfərədək vətəndaş müraciət edir.

©AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər