İcra başçısı çimərliklərlə bağlı sərəncam imzaladı   

0

Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 26 may 2015-ci ildə Bakı şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqqında imzaladığı sərəncamın 1.3 bəndində qeyd olunub ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur və buna nəzarət olunmasının icrası təmin edilməlidir.

Habelə sərəncamın 1.6 bəndində bildirilir ki, əhalinin dəniz sahilində maneəsiz istirahətinin təmin edilməsi üçün firma və şirkətlər aralarındakı sərhədlərin təyin edilməsi məqsədilə çəkdikləri hasarın sahildən 20-25 metr məsafəyə qədər sökülməsini təmin etsin.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Sərəncamda Bakı Şəhər Ticarət və Xidmət Departamentinə tapşırılıb ki, çimərlik ərazilərində istirahət edənlərə lazımi səviyyədə xidmət göstərilməsi üçün ticarət, iaşə və digər xidmətlərin təşkili məqsədilə müvafiq qaydada yerlər müəyyən edilməsini, hüquqi və fiziki şəxslər tərəfindən malların alqı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi qaydalarına əməl edilməsini, həmçinin çimərliklərə giriş üçün pul yığılmasının qarşısının alınmasını təşkil etsin.

Sərəncam da o da qeyd olunur ki, Şıx çimərlik zonasının Qaradağ rayonu sərhədinədək olan və Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamları əsasında müxtəlif firma və müəssisələrin istifadəsinə verilmiş ərazilər daş hasara alınaraq, bir növ qapalı zonaya çevrilib.

Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov APA-ya deyib ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının imzaladığı sərəncamda da göstərildiyi kimi, Bakı şəhəri və Abşeron yarımadasında çimərliklərin hamısına giriş birmənalı olaraq pulsuzdur: “Bu məsələ ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov sərəncam imzalayıb. Bu sərəncamda həmin məsələlər ətraflı və izahlı şəkildə qeyd olunub. Bu gün əgər kimsə bunun ziddinə gedirsə, deməli, dövlətin qanununun ziddinə gedir”.

İcra hakimiyyəti rəsmisi bildirib ki, çimərliklərə giriş üçün pul tələb edən sahibkarlara dəfələrlə xəbərdarlıq olunub: “Lakin buna baxmayaraq, əksəriyyət bildiyi kimi hərəkət edir. Biz daha çox həmin çimərliklərdə alkoqollu içkilərin və tütün məmulatlarının satışı ilə məşğul olan obyektlər, restoranlar, kafelər, barların lisenziyalaşdırılması ilə məşğul oluruq.

Hazırda monitorinqlər aparırıq. Monitorinqlər başa çatandan sonra bu məsələyə yenidən baxılacaq. Bilirsiniz insanları çaşdıran bəzi məqamlar var. İnsanlar elə bilir ki, dənizə girişin pulsuz olması ilə bağlı sərəncam varsa, deməli, gedib orada səhərdən axşama kimi dincəlmək olar. Məsələ belə deyil. Bunun səbəbi var. Çimərliklərdə insanlara təklif olunan skuterlər, çətirlər, ictimai sanitar qovşaqlar, duşxanalar və digər xidmətlərin hamısından istifadə pullu şəkildə həyata keçirilir. Bu xidmətlərə pul ödəməmək olmaz. Ərazini özəlləşdirənlər, icarəyə götürənlər bu qaydaları müəyyənləşdirir”.

Ə. Bağırov ərazinin özəlləşdirilməsi işinin yerli icra hakimiyyəti orqanlarının səlahiyyətində olduğunu da əlavə edib.

Ə. Bağırov müəyyən çimərliklərdə dənizə giriş, habelə göstərilən xidmətlərin baha olmasını həmin çimərliklərdə göstərilən xidmət səviyyəsinin yüksək olması ilə əlaqələndirdi: “Xüsusi yaradılmış turist zonaları var ki, həmin ərazilərdə xidmət səviyyəsinin yüksək olması ilə əlaqədar qiymətlər yüksəkdir. Yenə vurğulayıram ki, bu məsələyə yenidən baxılacaq”.

Ə. Bağırov qeyd edib ki, Bakı və Abşeron yarımadasında 34 çimərlik fəaliyyət göstərir: “Bunlar Binəqədi, Səbail, Xəzər, Sabunçu, Suraxanı və Qaradağ rayonu ərazisindəki çimərliklərdir”.