10 C
Baku
Friday, December 13, 2024

İcra başçısının müavini olmaq istədi – 204 minini aldılar

Bakıda vətəndaşlara qarşı ümumilikdə 300 min manata yaxın dələduzluq etmiş keçmiş məmur və onunla əlbir olan taksi sürücüsü məsuliyyətə cəlb edilib.

Niyazi Qədimov 1992-ci ildən MTN-nin maliyyə idarəsində, 1994-cü ildən MTN Sərhəd Qoşunlarında xidmət edib. O, 2005-ci ildə DSX-dən tərxis olunduqdan sonra 2008-ci ilin sonlarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail rayon şöbəsində müdir müavini, 2016-ci ildən ƏƏSMN Suraxanı rayon Sosial təminat şöbəsində müdir vəzifəsində işləyib. Son iş yeri isə Xətai rayon Məşğulluq idarəsi olub və 2018-ci ildə işdən çıxıb. 2019-cu ildə Niyazi Qədimov təsadüfən taksidə olarkən sürücü Vüsal Rzayevlə tanış olub. Vüsal ona yüksək vəzifəli şəxslərlə yaxın əlaqələrinin olduğunu bildirib.

Bundan sonra dostluq münasibətləri yaranan Niyazi və Vüsal birlikdə müxtəlif şəxsləri işə düzəltmək adı ilə onların külli miqdarda vəsaitini ələ keçiriblər. Həmin vəsaitlərin siyahısı belə olub: – Hərbi polisdə işə düzəlmək istəyən şəxsdən 8 500 manat; – Hərbi polisdə çavuş rütbəsində xidmət edən şəxsin gizir rütbəsinə keçirilərək Bakıdakı hərbi hissəyə gətiriləcəyini vəd edərək həmin şəxsdən 23 000 manat; – Qaraçuxur qəsəbəsi ərazisində 3 sot torpaq sahəsi alıb adına rəsmiləşdiriləcəyi vədi verdikləri şəxsdən 15 000 manat; – Ali Hərbi Məktəbin quru qoşunları fakültəsində təhsil alan şəxsin həmin məktəbin hərbi hava qüvvələri fakültəsinə keçirilməsi vədi ilə 5 000 manat; – N saylı hərbi hissədə xidmət edən şəxsin iş yerini dəyişdirilməsi vədi ilə 5 000 manat; – Xarici İşlər Nazirliyinin mətbuat xidmətində işə düzəlmək istəyən şəxsdən 14 000 manat; – Polis orqanlarında işə düzəlmək istəyən şəxsdən 7 000 manat; – Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin ediləcəyi adı ilə Ədalət adlı şəxsdən 120 min dollar (204 000 manat); – Ali Hərbi məktəbin aviasiya mühəndisliyi ixtisası üzrə təhsil almaq istəyən 1-ci kurs tələbəsindən 5 400 manat; – Hərbi Polisdən təxris olunmasını istəməyən şəxsin işini həll edilməsi adı ilə 4 500 manat pul alaraq dələduzluq yolu ilə ələ keçiriblər. Niyazi və Vüsal barəsində açılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, Niyaziyə icra başçısının müavini vəzifəsində işə düzəlmək üçün 120 min dollar verən Ədalət Xəlilov onun qohumudur. Məhkəmədə o da məlum olub ki, Niyazi və Vüsalın aldadaraq külli miqdarda pul aldıqları şəxslərin əksəriyyətini Ədalət Xəlilov və Firudin adlı digər şəxsin vasitəsilə tanıyıblar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Niyazi Qədimov 8 il, Vüsal isə 4 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

 

 

Son xəbərlər
Digər xəbərlər