3 C
Baku
Saturday, December 14, 2024

İcra Hakimiyyətinin həbsdə olan vəzifəli şəxsinin əmlakları ilə bağlı qərar verilib

Kürdəmirin sabiq başçısı Ceyhun Cəfərovla birgə həbs olunmuş şöbə müdiri Natiq Kərimovun əmlaklarının müsadirədən azad olunması ilə bağlı qərardan verilmiş kassasiya protestinə baxılıb.

Ali Məhkəmədə keçirilən iclasda dövlət ittihamçısı protestin dəlillərini əsaslandırıb.

Prokuror məhkum şəxsin əmlaklarının xüsusi müsadirədən azad olunmasını qanunsuz hesab edib, həmin qərarın ləğv edilməsini xahiş edib.

Tahir Kazımovun sədrlik etdiyi hakimlər heyəti tərəflərin çıxışlarını dinlədikdən sonra kassasiya protestinin əsassız olduğu qənaətinə gəlib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı və rayonun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla həbs olunublar.

Sabiq vəzifəli şəxslər Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunublar.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il üç ay, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov 4 il, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib. Kommunal Müəssisələr Kombinatının direktoru Məhəmmədəli Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub.

Cinayət işi ilə bağlı üzərinə həbs qoyulmuş bütün əmlaklar dövlət nəfinə müsadirə olunub.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Ceyhun Cəfərovun cəzası 6 ilə endirilib.

Bundan başqa, Tacəddin Novruzov və Natiq Kərimovun cəzası 5 il 10 aya, Eynulla Novruzov, Məhəmməd Musayev, Mətləb Allahverdiyev və Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, Emin Sadıqovun cəzası isə 2 ilə endirilib.

Qərara əsasən sabiq şöbə müdiri Natiq Kərimovun Bakıda və Kürdəmirdə yerləşən əmlakları müsadirədən azad olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər