27 C
Baku
Saturday, July 27, 2024

İdarə Heyəti sədri vətəndaşların adına onların xəbəri olmadan kredit götürdü, həbs olundu

“Şahsevən Kredit İttifaqı” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır. Bu barədə Banker.az-a Baş prokurorluqdan daxil olan məlumatda deyilir.  

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində “Şahsevən Kredit İttifaqı”nın idarə heyətinin sədri Fayəddin Fərmanovun rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə vətəndaşların razılığı olmadan onların adına kredit rəsmiləşdirməklə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən büdcə vəsaitləri hesabına ayrılaraq ona etibar edilmiş güzəştli kredit resursundan təyinatı üzrə istifadə etməyərək fondun 200 min manat məbləğində pulunu mənimsəməsinə şübhələr üçün əsaslar aşkarlanıb.

Fakta görə cinayət işi başlanmış və F.Fərmanova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham  elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda F.Fərmanovun digər cinayət əməllərini törədib-törətməməsi, eləcə də cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbiləri davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər