Bu il dünya smartfon tədarükü 6,2 % artaraq 1,24 milyard ədədə çatacaq.
Bu barədə “International Data Corporation” (IDC) beynəlxalq təhlil və konsaltinq şirkətinin hesabatında deyilir.
Son artım proqnozu daha əvvəlkini (5,8 % və ya 1,23 milyard ədəd) üstələyir. Proqnozun yaxşılaşması 2024-cü ilin üçüncü rübündə qlobal bazarın 3,2 % artması ilə əlaqədardır. 2023-2028-ci illər arasında qlobal smartfon bazarının orta illik artım tempi 2,6 % səviyyəsində gözlənilir.
IDC həmçinin generativ süni intellektin (Sİ) sənayenin inkişafına təsirini qeyd edir. IDC-nin tədqiqat direktoru Nabila Popalın sözlərinə görə, bu texnologiya hələ tələbata əhəmiyyətli təsir göstərmir.
“Biz gözləyirik ki, Sİ dəstəyi əvvəlcə premium flaqman cihazlarda görünəcək və 2028-ci ilə qədər Sİ inteqrasiyası olan smartfonların payı bazarın 70 %-nə çatacaq”, – deyə o əlavə edib.
2024-cü ildə Android əsaslı smartfonların satışı 7,6 % artacaq, iOS cihazlarının satışı isə Apple-ın ABŞ, Çin və Avropa da daxil olmaqla əsas bazarlarda üzləşdiyi çətinliklər səbəbindən cəmi 0,4 % artacaq.
2025-ci ildə iPhone satışlarının artım tempinin 3,1 %-ə qədər sürətlənəcəyi, Android cihazlarının isə 1,7 %-ə qədər yavaşlayacağı proqnozlaşdırılır.