Sumqayıtda “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodun tikintisi zamanı fəhlə dünyasını dəyişib.
Banker.az bu barədə Sumqayıt şəhər prokurorluğuna istinadən xəbər verir.
Belə ki, sentyabrın 22-i saat 08 radələrində 1993-cü il təvəllüdlü Güloğlan Allahverdiyevin xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Güloğlan Allahverdiyev sentyabrın 16-da, fəhlə kimi işlədiyi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodun tikintisi zamanı 5 metr hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə istintaq hərəkətləri davam etdirilir.