Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əli Məmmədovun sədrlik etdiyi iclasda şahid ifadə verib.
Şahid Leyla Novruzova İlqar İsmayılovun “Şəhər bağları”nda aldığı evin əvvəlki mülkiyyətçisi olub.
İttihama görə, İlqar İsmayılov “İdeal”ın xəzinəsindən götürüb mənimsədiyi 680 min manatın 280 minini 248 kvadrat metrlik 5 otaqlı mənzilin alınmasına xərcləyib. Leyla Novruzova məhkəmədə bildirib ki, həmin mənzili görməmişdi, sadəcə, onun adına olub. Alqı-satqı zamanı da alan şəxsin kimliyini bilməyib. Sadəcə, şəxsiyyət vəsiqəsini götürüb, ona müəyyən sənədlərə imza atdırıblar. Başqa heç nədən xəbəri yoxdur.
Leyla Novruzovanın istintaqa ifadəsində isə göstərilib ki, mənzili İlqar İsmayılova satıblar, həmin vaxt o, “İdeal” mağazalarının sahibi olduğunu deyib və s.
Şahid məhkəmədə bildirib ki, istintaqda belə ifadə verməyib. Çünki heç nədən xəbəri yox idi, bütün məsələləri həyat yoldaşı həll eləyirdi:
“Prokurorluqda da yoldaşımla birlikdə ifadə vermişik. Ola bilər, yoldaşımın dediklərini mənim də adıma yazıblar”.
İlqar İsmayılov Leyla Novruzovadan evin faktiki sahibi Kənan adlı şəxsi tanıyıb-tanımadığını soruşub. Leyla Novruzova Kənanın tanıdığını və qohum olduqlarını təsdiqləyib. Evin faktiki sahibinin Kənan olub-olmaması sualına konkret cavab vermədən qeyri-müəyyən cavablar verib:
“Qohumlar toplaşıb, bizə kömək üçün beşotaqlı evi almışdılar. Sonradan borc vardı deyə, mənzili satmaq qərarına gəldik”.
İlqar İsmayılov isə deyir ki, o mənzili Novruzovlardan yox, Kənan adlı şəxsdən alıb. Qiymət də 280 min yox, 1 milyon manat civarında olub, Novruzovları da heç vaxt görməyib:
“O yerdə 248 kvadrat metrlik təmirli mənzil o qiymətə ola bilməzdi axı. İstintaq ittihamı əsaslandırmaq üçün yalan yazıb”.
İş adamının vəkilləri sözügedən mənzillə bağlı qiymətləndirmə şirkətinin rəyini də məhkəməyə təqdim edib. Orada mənzil 1 milyon manat qiymətləndirilib.
Daha sonra İlqar İsmayılovun ortağı ilə e-mail yazışmalarının cinayət işi materiallarına əlavə edilməsi ilə bağlı ötən prosesdə vəkillərin verdiyi vəsatət müzakirə edilib. Prokuror və zərərçəkmiş tərəf etiraz etsə də, məhkəmə vəsatəti təmin edib və hakim bildirib ki, sənədlərin tədqiqi mərhələsində və hökm çıxararkən yazışmalara qiymət veriləcək.
İlqar İsmayılov məhkəmədə bildirib ki, heç bir mənimsəməyə yol verməyib:
“18 ilk şirkətimdən heç vaxt heç nə mənimsəməmişəm. Biz digər təsisçi ilə 5 il 3 ay birlikdə çalışmışıq, çörək kəsmişik. Mənim barışıq qapım həmişə açıqdır. Bəzi məsələlər var ki, mən məhz kəsdiyimiz çörəyə görə açıqlamaq istəmirəm. Mənim atam da fəhlə olub, bizə halal çörək yedirib. Mən əlimdən alınan “İdeal” əmtəə nişanını və 25 faiz təsisçilik payıma görə halallığımı istəyirəm” – deyə İlqar İsmayılov bildirib.
Zərərçəkmişin vəkili bu mesajı təmsil etdiyi tərəfə çatdıracağını bildirib.
Növbəti proses avqustun 26-a təyin edilib.
Qeyd edək ki, İ.İsmayılov 2013-2016-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.