8 C
Baku
Thursday, December 12, 2024

“İdeal”ın keçmiş sahibi ilə ortağının yazışmaları məhkəməyə təqdim edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əli Məmmədovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin vəkilləri vəsatətlə çıxış ediblər.

Vəkil İlhamə Həsənova bildirib ki, İ.İsmayılov “İdeal Kompani” MMC-nin xəzinəsindən müxtəlif məbləğlərdə vəsaitlər məxaric etməklə ümumilikdə 680 min manat mənimsəməkdə ittiham olunsa da, təqsirləndirilən şəxs ifadəsində və suallara cavabında bildirib ki, heç bir mənimsəməyə yol verilməyib:

“İlqar İsmayılov ittihamda “İdeal Kompani”dən çıxardığı məbləğlərlə bağlı yalnız öz imzası olan qəbzləri təsdiq edir və bildirir ki, həmin məbləğlərin çıxarılması mənimsəmə yox, “İdeal Kompani” üçün götürülən və öz adına olan kreditlərin ödənilməsi və payına uyğun olaraq gəlirlərin götürülməsi məqsədilə olub. Bu proses isə digər təsisçinin razılığı ilə həyata keçirilib və hər ay ortağı və ya onun nümayəndəsi ilə toplantı keçirərərək, payların bölgüsünü aparıblar və hesabatlar təqdim ediblər. Bunu həmin müddət ərzində İlqarla ortağı arasında olan elektron yazışmaları da təsdiq edir”.

Vəkil deyib ki, ümumi yazışmalardan aydın olur ki, İlqar İsmayılov “İdeal Kompani”də direktor vəzifəsi daşısa da, şirkətə faktiki rəhbərlik digər ortağına məxsus olub: “İlqar İsmayılov fəaliyyətini onun tapşırıqlarına əsasən, həyata keçirib və yazışmalardan məlum olur ki, gəlirlər barədə hesabatlılıq olub, hətta həmin şəxs İlqar İsmayılovun adına “İdeal Kompani” üçün götürülən kreditlərdən də xəbərdar olub. Məsələn, yazışmada İlqar İsmayılov məlumat verib ki, bu ay 1 milyon gəlir olub, hesabatları nümayəndəyə göndərəcək və s. Başqa bir yazışmada isə digər ortağı yazır ki, İlqar İsmayılovun adına olan kreditlə bağlı sənədləşmə hazırdır və götürmək üçün banka yaxınlaşsın”.

Vəkil sözügedən elektron yazışmalardan çıxarışları məhkəməyə təqdim edib.

Hakim bildirib ki, vəsatət növbəti iclasda müzakirə ediləcək.

Növbəti proses avqustun 23-nə təyin edilib.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.

 

Son xəbərlər
Digər xəbərlər