8 C
Baku
Monday, November 18, 2024

“İdeal”ın keçmiş sahibi məhkəməyə etiraz edib

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş rəhbəri İlqar İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Əli Məmmədovun sədrlik etdiyi prosesdə cinayət işi materialları üzrə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Prosesdə müdafiə tərəfinin vəsatətinə əsasən, bəzi sənədlər elan edilib. Sənədlərdən məlum olub ki, ittihama əsasən, İ.İsmayılov 2013-cü ilin iyun ayında şirkətin kassasından 280 min manat məxaric edərək “Şəhər bağları” MTK-dan mənzil alıb.

Vəkillər isə bildirib ki, təqsirləndirilən şəxsin “Şəhər bağları” MTK-dan aldığı mənzilə görə ödəmə təsdiqini tapmır.

Belə ki, elan olunan sənəddə İ.İsmayılov həmin mənzilə 1 milyon manat ödəyərək may ayında mənzilə sahib olub.

Vəkillər məhkəmədə vəsatət qaldırıb ki, “İdeal Kompani”nin digər ortağı və onun nümayəndəsi Fuad Əliyev məhkəməyə çağırılıb, dindirilsin: “Çünki ittihamda iddia olunur ki, İlqar İsmayılov şirkətin gəlirlərini digər ortağının xəbəri olmadan, özbaşına götürüb, şəxsi ehtiyaclarına xərcləyib. İlqar İsmayılov isə deyir ki, yalandır, mənfəət həmişə digər təsisçi ilə bölüşdürülüb. Pulu da nümayəndəsi olan Fuad Əliyevə çatdırıblar. Məhkəmədə dindirilən şahidlər də bunu təsdiqləyiblər”.

Məhkəmə vəsatətləri təmin etməyib.

Müdafiə tərəfi cinayət işinin materiallarında olan qəbzlə bağlı ekspertiza keçirilməsini istəyib: “İttihamda İlqar İsmayılova mənimsəməsi ittiham olunan 280 min manatlıq qəbz rəngli formada təqdim olunub. Həmin qəbzə diqqətlə baxdıqda onun rəngli kserosurət olduğu aydın şəkildə görünür”.

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Vəsatətlərin təmin edilməməsindən sonra müdafiəçilər məhkəməyə təqsirləndirilən şəxsin yazılı etirazını elan ediblər. İ.İsmayılov işin başqa məhkəmənin icraatına verilməsi üçün etirazının Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edib.

Məhkəmə yazılı etirazı qəbul edib.

Növbəti prosesi dekabrın 13-nə təyin edib.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Son xəbərlər
Digər xəbərlər