Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində “İdeal Kompani”nin mühasibi işləmiş Samirə Quliyeva müdafiə tərəfinin vəsatətinə əsasən sənədlərin tədqiqi ilə əlaqədar təkrar dindirilib.
İttiham akrtında İ.İsmayılovun müxtəlif vaxtlarda banklardan şəxsi məqsədləri üçün götürdüyü 1 milyondan çox kreditləri “İdeal Kompani”dən məxaric edilən vəsaitlər hesabına ödənildiyi qeyd edilsə də, mühasib S.Quliyeva həmin kreditlərin keçmiş mağazalar sahibi tərəfindən şirkətin kassasına mədaxil edildiyini təsdiqləyib. O, 1 milyon 13 min manat və 1 milyon 497 min manat məbləğində kredit vəsaitlərinin tam həcmdə “İdeal Kompani”nin kassasına mədaxil edilməsi barədə müdafiə tərəfinin təqdim etdiyi qəbz və aktda olan imzaların ona məxsus olduğunu deyib.
S.Quliyeva bununla bağlı şirkətin digər vəzifəli şəxslərinə elektron poçt vasitəsilə hesabat göndəridiyini və həmin email yazışmalarının ona məxsus olduğunu da təsdiqləyib.
Bundan başqa, S.Quliyeva İ.İsmayılovun müxtəlif tarixlərdə 5 milyon manatadan artıq məbləğdə vəsaitin “İdeal Kompani”nin kassasına mədaxil edilməsi ilə bağlı qəbzlərdəki imzalarını təsdiq edib.
İ.İsmayılov bildirib ki, ona gündəlik kassa hesabatları əsasında ittiham verilib və o, mühasibdən həmin hesabatların şirkətdə rəsmi məxaric sənədi olub-olmamasını soruşub.
S.Quliyeva həmin sənədlərin rəsmi olmadığını və onun tərəfindən belə bir sənəd tərtib edilmədiyini deyib. Mühasib vurğulayıb ki, İ.İsmayılovun adına olan məxariclər, bir qayda olaraq onun özü tərəfindən imzalanırdı.
Müdafiə tərəfinin sualına cavab olaraq S.Quliyeva deyib ki, İ.İsmayılovun adına olan və şirkətə mədaxil olan kreditlərin aylıq ödənişləri ilə bağlı şirkətdə ödəniş cədvəlləri mövcud idi.
İ.İsmayılov söyləyib ki, ona qarşı ittihama səbəb olan məbləğlərlə bağlı cinayət işi materiallarında ümumilikdə 15 sənəd olsa da, onlardan yalnız 3-də imzası var: “Bu sənədlərdən yalnız birinin alt sənədləri var və məxaricin təyinatı, hara ödənilməsi ilə bağlı tam göstərilib. Digərləri isə yalnız məxaric sənədinin surətlərindən ibarətdir”.
Müdafiə tərəfi işdə yer alan məxaric sənədlərin tədqiq edilməsi, hansında İ.İsmayılovun imzasının və alt sənədlərin mövcud olub-olmamasının araşdırılmasını istəyib.
Məhkəmə növbəti prosesdə həmin sənədlərin tədqiq ediləcəyini bildirib.
Proses oktyabrın 25-də davam edəcək.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.