9 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

“İdeal”ın keçmiş sahibinin vəsatəti təmin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi vəsatətlər qaldırıb.

Vəkil İlhamə Həsənova İ.İsmayılov tərəfindən “İdeal Kompani” MMC-nin kassasına təqribən 2 milyon manatdan artıq vəsaitin mədaxil edilməsi ilə bağlı şirkətin mühasibi Samirə Quliyevanın tərtib etdiyi sənədi cinayət işi materiallarına əlavə edilməsi üçün məhkəməyə təqdim edib.

O qeyd edib ki, S.Quliyeva məhkəmədə şahid qismində ifadə verən zaman həmin imzaların ona məxsus olmasını və həmin mədaxillərin gündəlik olaraq şirkətin rəhbərliyinə elektron qaydada göndərildiyini təsdiqləyib: “Bütün bu məsələlərlə bağlı Samirə Quliyevanın sənədlərin tədqiqi mərhələsində yenidən dindirilməsini xahiş edirik”.

Məhkəmə vəsatəti təmin edib.

Təqsirləndirilən İ.İsmayılov da vəsatətlə çıxış edib. O bildirib ki, cinayət işinin istintaqı zamanı həyata keçirilən audit yoxlaması üçün istintaq vasitəsilə şirkətdən alınan sənədlər yoxlamadan sonra istintaqa qaytarılsa da, həmin sənədlər cinayət işi materiallarında yoxdur. O, sənədlərin istintaq orqanından və ya şirkətdən tələb edilərək iş materiallarına əlavə edilməsini və bəzi sənədlərin sübutlar siyahısından xaric edilməsini istəyib.

Tərəflərin razılaşması ilə vəsatətin müzakirəsi sənədlərin tədqiqindən sonraya saxlanılıb.

Vəkillərin digər vəsatəti İ.İsmayılovun həm hazırkı, həm də əvvəlki cinayət işi üzrə rəy vermiş auditlərin məhkəmədə dindirilməsi barədə olub.

Qeyd edilib ki, hər iki iş üzrə eyni audit təşkilatı eyni dövr üçün fərqli rəylər verib: “Bu ziddiyyətin aradan qaldırılması üçün hər iki audit rəyini tərtib edərək imzalayan auditlər məhkəməyə çağırılaraq dindirilməlidir”.

Məhkəmə vəsatəti rədd edib.

Müdafiə tərəfinin növbəti vəsatəti iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə olub. Vəkil bildirib ki, mühasibatlıq ekspertizası qarşısında sual qoyularaq ittihamı əhatə edən dövr ərzində İ.İsmayılov tərəfindən nə qədər mədaxil-məxaric edildiyi və kənarlaşma aşkar edilib-edilmədiyi aydınlaşdırılmalıdır”.

Məhməmə bu vəsatəti də təmin etməyib və bildirib ki, vəsatət baxılan işin mahiyyəti ilə bağlı deyil.

Proses oktyabrın 11-də davam edəcək.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər
Oxşar xəbərlər
X