Məlum olduğu kimi, Vergi Məcəlləsinə əsasən, sənaye, yaxud texnologiyalar parkının rezidentləri və investisiya təşviqi sənədini alan vergi ödəyiciləri tərəfindən istehsal sahələrinin tikintisi, elmi tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədilə idxal edilən texnika, texnoloji avadanlıqlar və qurğular idxal zamanı ödənilən ƏDV-dən azaddır. Lakin bu kateqoriyaya daxil olmayan vergi ödəyiciləri eyni əməliyyatlara görə gömrük orqanlarına böyük həcmdə vergi ödəməli idilər ki, bu da onların maliyyə vəziyyətində çətinliklərə səbəb olurdu. Sözügedən halların aradan qaldırılması, ölkədə investisiya qoyuluşlarının stimullaşdırılması məqsədilə qanunvericiliyə edilmiş son dəyişikliklərlə idxal olunan əsas vəsaitlər ƏDV-dən azad edilib. Siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq əsas vəsaitlərin idxalı müddətsiz olaraq ƏDV-yə cəlb edilməyəcək.
Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu təşviqlər ölkə iqtisadiyyatı üçün prioritet hesab edilən sahələr üzrə idxal edilən əsas vəsaitləri, o cümlədən emal və istehsal avadanlıqları və digər əsas vəsaitlərin idxalını əhatə edəcək. Bununla da dövriyyə vəsaitlərinə qənaət edilməsi yolu ilə müvafiq sahələr üzrə iqtisadi artıma nail olunacağı proqnozlaşdırılır.