ABŞ və Böyük Britaniyanın LUKOIL (MOEX: LKOH) və “Rosneft” (MOEX: ROSN) kimi Rusiya neft şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar qlobal enerji bazarı üçün risklər yaradır. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) noyabr hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, LUKOIL və “Rosneft”ə qarşı sanksiyalar onların fəaliyyətində əməliyyat pozuntularına səbəb olur. 10 noyabrda LUKOIL dünyanın ən iri neft yataqlarından biri olan Qərbi Qurna-2 (İraq) layihəsində fors-major elan edib, çünki İraq hökuməti şirkətə ödənişləri dayandırıb.
Bundan əlavə, Bolqarıstan hakimiyyəti LUKOIL-in Burqas şəhərindəki ən iri neft emalı zavodunu milliləşdirmək niyyətindədir. Həmçinin Rumıniyanın Ployeşti şəhərindəki “Petrotel” neft emalı zavodu da müvəqqəti olaraq dövlət nəzarətinə keçə bilər. Hesabata görə, bütün bu amillər Şərqi Avropa enerji bazarlarında vəziyyəti çətinləşdirə bilər.
IEA Rusiyada xam neft hasilatı üzrə proqnozunu 9,3 milyon barel/gün səviyyəsində saxlayıb, lakin hesabatda bu göstəricinin azalması ehtimalının olduğu bildirilir.
Oktyabr ayında Rusiyanın neft məhsulları ixracından əldə etdiyi gəlir 13,13 milyard dollar təşkil edib. Bu, sentyabr göstəricisindən 380 milyon dollar, ötən ilin eyni dövründən isə 2,31 milyard dollar azdır. Sentyabr ayına qədər ixracın fiziki həcmi 7,35 milyon barel/gün səviyyəsinə düşüb, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 80 min barel/gün azdır.
22 oktyabrda ABŞ LUKOIL, “Rosneft” və onların 34 törəmə şirkətinə qarşı sanksiyalar tətbiq edib. Bu tədbirlər şirkətlərin ABŞ-dəkı bütün aktivlərinin dondurulmasını və Amerika şirkətlərinə onlarla əməkdaşlıq qadağasını nəzərdə tutur.
Oktyabrın sonunda LUKOIL “Reuters”ə təsdiqləyib ki, xaricdəki aktivlərini satmaq üçün alıcılar axtarır və lazım gələrsə, 21 noyabra qədər bəzi əməliyyatlara icazə verən sanksiya möhlətinin uzadılması üçün müraciət edə bilər.







